Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu quru sərhədlərin açılması tələbilə piket keçirmək istəyini ictimaiyyət qarşısında bəyan etmiş və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Qanunu”-nun 5-ci maddəsinə uyğun şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu ünvanlamışdır.
BŞİH 14.07.2022-ci il tarixli cavab məktubu ilə səlahiyyət hədlərini aşaraq Tofiq Yaqublunun piket keçirməsini məqsədəuyğun hesab etməmiş və ona problemin həlli məqsədilə aidiyyatı üzrə dövlət qurumlarına müraciət etmək tövsiyə olunmuşdur.
Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti və digər əlaqədar qurumlara xatırladır ki, sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi ilə təmin edilən hüquqdur və bu hüququn məhdudlaşdırılması qanunaziddir.
Hakimiyyətin ölkəmizin quru sərhədlərini bağlı saxlamasını bu günədək əsaslandıra bilməməsi və yaxud bu tədbiri guya əhalinin sağlamlığına qayğı kimi təqdim edilməsi ölkə vətəndaşlarının haqlı narazılığına səbəb olur. Quru sərhədlərin qapadılması ilə AZAL-ın uçaq qiymətlərinin fantastik yüksək səviyyəsi arasında birbaşa əlaqə hakimiyyətin bütün siyasəti kimi bu addımının da yalnız korrupsiyaya, daha çox varlanmaq maraqlarına xidmət göstərdiyinə dəlalət edir.
İstənilən Azərbaycan vətəndaşının, o cümlədən, Tofiq bəy Yaqublunun ölkə əhalisinin önəmli bir hissəsinin hüquqlarını məhdudlaşdıran, siyasi hakimiyyətin, şəxsən İlham Əliyev və ailəsinin korrupsiya maraqlarına xidmət edən bu anti-konstitusion siyasətə etiraz etmək hüququ var və Milli Şura olaraq Tofiq Yaqublunun bu haqqını tam dəstəkləyirik.