Şri-Lanka olaylarından çıxardığımız ən böyük ibrət bilirsiniz nədir?!
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Uzun illər hakimiyyətin gizli və açıq qulluqçuları, adlı və adsız trolları, malakeşlər və s. kreativlər xalqa təlqin etməyə çalışırdılar ki, xalqımız elə taqətsiz, elə ac və yoxsul duruma salınıb ki, müqavimət imkanı qalmayıb. Hər şeyini itirib yalnız qarnını neçə doyuracağının qayğısı ilə yaşayan insanlar yavaş-yavaş ən dözülməz şəraitə də alışır, talelərinə boyun əyir və etiraz etmirlər!
Bəli, hakimiyyətin öz yarıtmaz, korrupsioner anti-xalq siyasəti ilə həyatın dibinə itələdiyi insanlar dinc etiraz etmir, amma… üsyan edirlər! Prezident iqamətgahını ələ keçirirlər, oda verib yandırırlar. Prezidentin, ailəsinin və yaxın çevrəsinin əllərinə keçən əmlakının, sərvətlərinin külünü göyə sovururlar. Eynilə Şri-Lankada olduğu kimi.
Diktatorlar əzdikləri, sındırdıqları, bir tikə çörəyə möhtac buraxdıqları kütlələrin əlindən hər şeyini ala bilərlər, üsyan haqqından başqa.
Sən dinc, sərbəst toplaşmaq haqqını, azad mətbuatı, şəffaf, ədalətli seçkini, müstəqil məhkəməni ləğv edib, iqtisadiyyatı inhisara alıb, on milyon insanı normal həyata həsrət qoyacaqsansa, demək ki, onları özün üsyana təhrik edirsən, haqlarını əldə etmək istəyənlərə başqa çıxış yolu qoymursan.
İnsan isə hər yerdə, hər şəraitdə insandır. Daha yaxşı həyat uğruna ölümü də gözə ala bilir.