Çin möcüzəsinin növbəti beşilliyi başlayır. Çini yarım əsrdən də az müddət ərzində yoxsul bir ölkədən dünyanın ikinci iqtisadiyyatına çevirmiş, həyat səviyyəsinə görə Rusiyanı ötüb keçməsinə və dünya lideri ABŞ-a meydan oxumasına şərait yaratmış möcüzənin indi ən zəif vaxtıdır.
Ölkədə bu kommunizm layihəsinin sabitliyinə təhlükə yaradan bir neçə böhran yetişməkdədir – hamısı partiyaya rəhbərlik etdiyi 10 il ərzində Çinin nüfuzunu artırmaq və “inkişaf etməkdə olan” ölkədən “inkişaf etmiş” ölkəyə çevirmək üçün hakimiyyəti gücləndirib yenidənqurma başladan Si Tsinpinin dövründə yaranıb.
Bu müddətdə bəzi çətinliklər ortaya çıxıb. Çinin Qərblə münasibətləri korlanıb, iqtisadiyyatı yavaşlayıb. Dəmir yumruq və mərkəzi planlaşdırma siyasəti covid dövründə ölkənin total şəkildə qapanmasına və Vladimir Putin kimi zərərli bir müttəfiqə məhkum olmasına gətirib çıxarıb.
Amma sədr Si işlərin plan üzrə getdiyinə əmindir. O, problemləri həll edəcəyini düşünür və seçilmiş yoldan imtina etmək fikrində deyil. Bu yolu davam etdirmək üçün 69 yaşlı Si üçüncü dəfə vəzifəsində qalaraq daha beş il partiyaya və ölkəyə rəhbərlik edəcək – sədrin ən azı on ildə bir dəfə dəyişməsi və Siyasi Büro üzvlərinin 68 yaşdan gec olmayaraq təqaüdə göndərilməsi ənənəsini pozaraq.
Bazar günü Çin Kommunist Partiyasının qurultayı Sinin iki saatlıq qısa nitqiylə başlayıb (Əvvəlki qurultaydakı çıxışı bundan 1,5 dəfə uzun olub). O, heç nəyi dəyişdirməməyə söz verib. Dəyişməz sədrin çıxışından məum olub ki, beş əsas istiqamət olduğu kimi qalacaq:
• “Sıfır Covid”: insanların həyatını və iqtisadiyyatı qorumaq üçün əbədi karantin;
• dünya liderliyinə iddia və Qərbin inkişaf modelinə əsas alternativ;
• ölkənin təhlükəsizliyi də daxil olmaqla, “əsas prioritetlər” – iqtisadiyyatın və texnologiyanın inkişafı;
• “ümumi rifah” naminə sərvətin çinlilər arasında yenidən bölüşdürülməsi;
• Tayvanın yenidən Çinə “birləşdirilməsi” – “Şübhəsiz ki, reallaşdırılacaq” – Si belə deyib.
Amma bütün bunları həyata keçirmək üçün Çinin əvvəlki qədər pulu yoxdur. Si 10 il əvvəl hakimiyyətə gələndə Çin planetin ən dinamik ölkəsiydi, 2010-cu ildə isə Yaponiyanı ötərək dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilmişdi. 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranıyla Covid pandemiyası arasındakı 12 il ərzində Çinin milli sərvəti iki dəfə artıb, adambaşına düşən ümummilli gəlir göstəricisinə görə Rusiyanı və digər inkişaf etməkdə olan ölkələri geridə qoyub.
Bununla belə, Sinin rəhbərliyi dövründə artım ildə 6-8%-ə düşüb, bu isə Kommunist Partiyası daha aşağı səviyyəli (5,5%-lik) hədəf müəyyənləşdirib. Amma iqtisadçılar nəticənin 3,0-3,5%-dən çox olmayacağını deyirlər.
Sürətli inkişaf dövrü niyə başa çatdı? Çin Si Tsinpinin seçdiyi kursla böhrandan çıxa biləcəkmi?
Çinin üç əsas problemi var: Covid, keçid dövrü və dünyadakı çətinliklər.
Permanent karantin
Çin “sıfır Covid” siyasəti yürütdü və ilk vaxtlarda bu, ona iqtisadi artımı bərpa edən ilk ölkə olmağa yardım etdi. Amma zaman keçdikcə məlum oldu ki, çinlilər vaxtından əvvəl sevinməyə başlayıblar.
Artıq üçüncü ildir ki, ölkə fasiləsiz karantin şəraitində yaşayır. Yeni dalğanın ilk əlamətləri üzə çıxan kimi bütöv bir şəhərdə insanları evlərinə qapadırlar. Bu, istehlakı, ticarəti, turizmi azaldır. İqtisadiyyat yavaşlayır, sosial narazılıq artır.
Bir çoxları ümid edirdilər ki, Sinin çıxışında karantinin yumşaldılacağına dair hansısa eyhamlar olacaq, amma bu, baş vermədi.

Effektiv peyvəndlərin və bu xəstəliyə qarşı kütləvi immunitetin olmadığı şəraitdə 1,5 milyard çinlini kənara buraxmaq risklidir. Məsələn, əhalisi Çindəkindən 4 dəfə az, səhiyyə xidməti daha yaxşı olan ABŞ-da Coviddən 1 milyondan çox insan öldü.
Mənzil bazarında böhran
Çinin ən böyük problemi daşınmaz əmlak bazarındakı böhrandır. Bu böhran yeni başlayır və hələ bir neçə il Si üçün başağrısı olacaq.
Son illərdə qiymətlərin və tikintinin sürətli yüksəlişi Çin iqtisadiyyatının ümumi artımına böyük töhfə verib (25%-ə qədər). Əhalinin ümumi sərvətinin üçdə ikisini mənzillər təşkil edir.
Bu artım 1990-cı illərdə çinlilərə mənzil almağa icazə verilməsiylə başlayıb və urbanizasiyaya görə davam edib. Amma sonra daşınmaz əmlak investisiya və spekulyasiyaların əsas obyektinə çevrilib.
Bazarda qovuq yaranıb. Qiymətləri əlçatan səviyyəyə qaytarmaq və boş meydançalara yatırılan pulları digər sahələrə, daha yaxşısı, istehlaka yönəltmək üçün iki il əvvəl hakimiyyət onu partlatmaq qərarına gəlib.
Tikinti şirkətləri üçün kredit şərtləri sərtləşdirilib, daha riskli şirkətlərin müflis olmasına imkan verilib. Qiymətlər enib, insanlar mənzil almağı təxirə salmağa başlayıblar və uzunmüddətli tikinti üçün ipoteka ödəməkdən imtina ediblər. Bütün bunlar banklara problemlər yaradıb.
Risk çox yüksəkdir. Çində daşınmaz əmlakın ümumi dəyəri 52 trilyon dollar civarında qiymətləndirilir. Hakimiyyət bu böhranın öhdəsindən gələ bilməsə, vəziyyət nəzarətdən çıxa və 1990-cı illərin əvvəllərində Yaponiyada və 2008-ci ildə ABŞ-da olduğu kimi iqtisadiyyatın geriləməsiylə nəticələnə bilər.
Hələ ki resessiyadan danışmaq tezdir, amma ölkədə mənzil bazarından başqa da problemlər var.
Keçid dövrü
Çinin yüksələn artım potensialı bitib, indi hakimiyyət iqtisadiyyatın “inkişaf etməkdə olan” modelindən əsas etibarilə istehlaka əsaslanan “inkişaf etmiş” modelinə keçməyə çalışır. Amma yaxşı yaşayışdan varlı olmağa aparan yol yoxsulluqdan rifaha aparan yoldan daha uzun və daha çətindir.
Birincisi, demoqrafiya mane olur. “Bir ailə, bir uşaq” siyasəti Çini qocalmış ölkəyə çevirib. Gənclər arasında işsizliyin səviyəsi isə rekord həddə çatıb – demək olar ki, 20%-dir.
Azadlıq radiosu