Azərbaycan-Türkiyə birliyi regionda sülh və sabitlik amilidir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı 2020-ci ildə erməni işğalından azad edilmiş Cəbrayıl şəhərində Türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla birgə brifinqdə bildirib.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana siyasi dəstəyini xatırladan Əliyev qeyd edib ki, bu birlik bu gün azad edilmiş ərazilərin bərpasında da özünü göstərir.
Azərbaycan-Türkiyə birliyi regionda sülh və sabitlik amilidir. Amma kimsə yenə bizə qarşı ədalətsiz mövqe tutmağa çalışarsa, bu amili nəzərə almalı olacaq, deyə Əliyev qeyd edib.
Ərdoğan öz növbəsində görüşün viran edilmiş Cəbrayıl şəhərində baş tutduğuna diqqət çəkib.
ATƏT, Aİ və digər beynəlxalq təşkilatlar gəlib bu viranəyə baxmağa cəsarət etməyiblər, çünki bu, onlara sərf etmir. “Dünya Qərbin əsl üzünü görməlidir”, deyə Ərdoğan bildirib.
Ərdoğan həmçinin bəzi dairələrin Zəngəzur dəhlizi layihəsi ilə bağlı narahatlığının əsassız olduğunu qeyd edib. “Əslində bu, Qərb-Şərq dəhlizi boyunca bütün ölkələrin faydalana biləcəyi yoldur”.
Ərdoğan həmçinin qeyd edib ki, Azərbaycan Ermənistanla sülhü bərqərar etmək üçün səmimi və müsbət addımlar atır. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi bir-birini dəstəkləməklə irəliləyir, deyə Ərdoğan vurğulayıb.
Contact.az