Braziliya Prezidenti Lusi İnasiu Lula da Silva (Luiz Inácio Lula da Silva) ölkənin keçmiş lideri Jair Bolsonarunun (Jair Bolsonaro) Konqres binasına basqın etmiş tərəfdarlarını cəzalandıracağını deyir.
Bazar günü axşam bir neçə saatlıq toqquşmalardan sonra polis paytaxt Braziliyada hökumət binalarına nəzarəti ələ alıb.
Lula Ali Məhkəmənin binasını gəzərək dəyən ziyanı öz gözləriylə görüb.
Ədliyyə naziri Flavio Dino yerli mediaya 200-dək adamın saxlandığını deyib.
Braziliyanın qubernatoru İbaneys Roça Ali Məhkəmə tərəfindən vəzifəsindən 90 günlüyə uzaqlaşdırılıb. Hakim Aleksandr de Moraeş onu iğtişaşların qarşısını almamaqda, hücuma “ağrılı şəkildə susmaqda” günahlandırıb.
Ölkə boyunca solçu liderlər və qrupla demokratiyaya dəstək yürüşləri elan ediblər.
Bolsonaru ölkədən gedib
Lulanın andiçməsindən bir həftə sonra Braziliya futbol komandasının sarı formasında olan minlərlə etirazçı mərkəzi hökumət binalarına basqın edib. Veteran solçu lider fövqəladə vəziyyət elan edərək paytaxtda asayişin bərpası üçün milli qvardiyanı göndərib.
BBC xəbər verir ki, paytaxtın mərkəzinin, hökumət binalarının yerləşdiyi əsas prospekt daxil olmaqla 24 saatlığa bağlanması göstərişi verilib.
Bolsonaru oktyabrda seçkini uduzmasını qəbul etməyib. O, andiçmə mərasimində iştirak etmək əvəzinə ötən həftə ölkədən gedib.
Hazırda Floridada olduğu güman edilən 67 yaşlı keçmiş prezident zorakılıq başlayandan altı saat sonra Twitter postunda hücumu pisləyib, qiyamçıları ürəkləndirmək üçün məsuliyyət daşımadığını deyib.
Azadlıq radiosu