Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclığa başladığını açıqlayıb. Bu barədə o, yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində məlumat verib.
Bu məhkəmədə Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılıb. Onun ev dustaqlığına buraxılması üçün vəkilləri öncə Xətai Rayon Məhkəməsinə vəsatət vermiş, dekabrın 29-da həmin məhkəmə müdafiəçilərin vəsatətini rədd etmişdi. Apellyasiya şikayəti də sözügedən qərardan verilib.
Apellyasiya məhkəməsində Hacıyev vurğulayıb ki, ona qarşı irəli sürülən xuliqanlıq, məhkəməyə hörmətsizlik kimi ittihamlar gülüncdür: “Məhkəməyə də, dövlətə də hörmətsizlik mənimlə bağlı qəbul edilən absurd qərarlardır”.
“Qərəz davam edir”
İctimai fəal vurğulayıb ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişi və qərəzi nəticəsində həbsdədir. Bəxtiyar Hacıyev həbsindən öncə sosial media hesablarında Daxili İşlər naziri Vilayət Eyvazov və onun rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı tənqidi fikirlər paylaşırdı. DİN isə qərəzli yanaşma ittihamlarını qəbul etmir, ictimai fəalın konkret şikayət və sübutlar əsasında həbs olunduğunu bildirir.
“Mən bundan öncə aclığı dayandırdım və imkan yaratdım ki, mənə qarşı qərəz aradan qalxsın. Lakin qərəz davam edir. Ona görə də bu məhkəmə şikayətimizi təmin etməsə, yenidən bugündən aclığa başlayacağam”, – Hacıyev çıxışında belə deyib.
Onun vəkilləri də bildirib ki, Bəxtiyar Hacıyevin həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Müdafiəçilər bildirib ki, hətta ona qarşı ittihamlar əsaslı olsaydı belə, ittiham olunduğu əməllər ağır cinayətlər kateqoriyasına aid deyil. Vəkillər həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş ediblər.
Lakin Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Xətai Rayon Məhkəməsinin qərarını dəyişməyib – onların apellyasiya şikayəti təmin olunmayıb.
Bundan sonra ictimai fəal bugündən – yanvarın 9-dan aclığa başladığını elan edib.
Bundan öncə Hacıyev dekabrın 15-də aclığa başladığını açıqlamış, dekabrın 28-də aksiyanı dayandırmışdı.
Azadlıq radiosu