Hüquq müdafiəçisi Anar Məmmədli
Imperialist dövlət siyasəti ilə imperialist siyasi baxış fərqli faktorlardır. Məsələn, ABŞ keçmiş imperiya dövləti deyil, amma siyasi idarəçiliyində imperialist baxışları olan liderlər xeyli təmsil olunub. ABŞ-ın iki yüz ildən artıq dövlətçilik siyasətində bir imperiya dövlətindən ayrılaraq müstəqil dövlət qurmaq ənənəsi yeni müstəqil dövlətlərə dəstəyin miqyasına görə imperialist baxışa daha çox üstün gəlib.
Fransa, Almaniya, Britaniya, Osmanlı Türkiyəsi, Çar Rusiyası, İran və Çin keçmiş imperiya dövlətləridir. Təbii ki, bu ölkələrdə həmin imperiyaların nostalgiyasını yaşadan xeyli ictimai-siyasi qruplar var. Amma indiki Rusiyanın idarəçiliyində imperialist dövlət siyasətinin zorakı təzahürü adıçəkilən digər dövlətlərin heç birində yoxdur.
Dünyada öz imperialist siyasi keçmişinin antihumanist səhifələri ilə hesablaşan çox az dövlət var. Məsələn, ötən əsrin iki dünya müharibəsində imperiya ərazilərini ən çox itirən Britaniyada müstəmləkədən köçmüş etnik qrupların təmsilçisi rahatlıqla siyasi idarəçilikdə təmsil oluna bilir. İndiki baş nazir Rishi Sunak kimi. Bunu indiki Rusiya və ya Türkiyədə təsəvvür edə bilərsizmi?
Məcburi şəkildə taleyi Rusiya ilə bağlanmış milyonlarla qeyri-rusa Rusiyada tətbiq olunan zülm ruslara münasibətdə ikiqat ağırdır. Çünki mülki-siyasi hüquqları ilə yanaşı etnik kimliklərini də qorumağa çalışırlar. Çində uyğurların məruz qaldığı etnik ayrı-seçkilik bu ölkənin imperialist keçmişi ilə vidalaşa bilməyən kommunistlərin antihumanist dövlətçilik anlayışından xəbər verir.
45 il öncə İranda imperialist keçmişi müsəlman-şiəlik məzhəbi vasitəsilə rekonstruksiya etməyə çalışdılar. Amma ortada nə imperiya var, nə də İran milli dövləti.
Ümumiyyətlə, imperialist siyasəti dövlət idarəçiliyindən uzaqlaşdıra bilməyən dövlətlər “milli dövlət” quurculuğunda sinifdə qalırlar. Rusiya bunun ən acınacaqlı örnəyidir.
Nə isə, bir xeyli ölkənin başçısını Bakıya yığıb Fransa imperializminin əleyhinə danışanda qulağımızın dibindəki imperialist təhdidlərdən də bəhs etməyə ehtiyac yaranır. Əks halda söylənən fikirlər cəsarətsiz və populist görünür, həmin salonda qalır və AzTV mediasından kənarda ciddi qəbul olunmur.