Akimova: “İnsan hüquqları mövzusu geosiyasi təzyiq alətinə çevrilir”

  • By Admin2
  • 09 Fevral 2026 10:30

ABŞ Konqresinin aparıcı üzvü ölkənin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı rəsmilərlə görüşlərində “vicdan məhbuslarının azadlığa buraxılması üçün səy göstərməyə” çağırıb. Nümayəndələr Palatasının üzvü, palatanın Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, demokrat Ceyms Makqovern fevralın 6-da vitse-prezidentə ünvanlandığı məktubu dövlət katibi Marko Rubioya da göndərib.

Konqresmen məktubunda Tramp administrasiyasının strateji diplomatiyasının siyasi məhbusların azadlığa çıxmasında uğur qazandığını qeyd edir, Belarusda Sergey Tixanovskinin, Ales Bialistskinin, Mariya Kalesnikovanın adlarını vurğulayır.

“ABŞ Dövlət Departamentinin insan haqları hesabatlarında Azərbaycan hökumətinin acınacaqlı insan hüquqları göstəriciləri sənədləşdirilib. Azərbaycana səfəriniz və vəzifənizin imkanlarından yararlanaraq vicdan məhbuslarının azadlığa buraxılmasına çalışmağa çağırıram”, – məktubda deyilir.

Maraqlıdır, ABŞ Konqresinin aparıcı üzvünün vitse-prezidentə ünvanladığı bu çağırış Azərbaycan hökuməti üçün hansı siyasi mesajı ifadə edir?

Sizcə, bu məktub rəsmi Bakının beynəlxalq nüfuzuna necə təsir göstərəcək?

Azərbaycan hökuməti bu tip çağırışları daxili işlərə müdaxilə kimi qiymətləndirirmi?

Gununsesi.info-ya bu barədə Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, ABŞ Konqresinin ayrı-ayrı üzvləri tərəfindən səsləndirilən bu tip çağırışlar ilk baxışdan humanitar məzmun daşıyır kimi təqdim olunsa da, məsələyə hüquqi və siyasi reallıqlar prizmasından baxıldıqda tam fərqli mənzərə ortaya çıxır:

“Azərbaycan dövləti dəfələrlə və ən yüksək səviyyədə bəyan edib ki, ölkədə sırf siyasi baxışlarına görə azadlıqdan məhrum edilən şəxs yoxdur. Həbsdə olan şəxslər konkret cinayət əməllərinə görə, məhkəmə qərarları əsasında məsuliyyətə cəlb ediliblər və bu proseslər Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə aparılıb. Bu baxımdan ABŞ Konqresinin üzvü tərəfindən “vicdan məhbusları” ifadəsinin işlədilməsi subyektiv siyasi yanaşmanın məhsulu kimi dəyərləndirilə bilər. Çünki hüquqi dövlət prinsipinə əsaslanan hər bir ölkədə cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması siyasi məsələ deyil, hüquqi prosedurdur. Azərbaycanda da istər ictimai asayişə qarşı yönəlmiş əməllər, istər maliyyə pozuntuları, istərsə də zorakılıq və ya qanunsuz fəaliyyət halları konkret faktlara və sübutlara əsaslanaraq qiymətləndirilir. Bu şəxslərin sonradan “siyasi məhbus” kimi təqdim edilməsi isə daha çox beynəlxalq siyasi ritorikanın bir hissəsi kimi çıxış edir”.

Akimova eyni zamanda deyib:

“ABŞ Konqresindən gələn bu çağırışın Bakıya ünvanlanan əsas siyasi mesajı ondan ibarətdir ki, Vaşinqtonun müəyyən dairələri insan hüquqları mövzusunu ikitərəfli münasibətlərdə təsir aləti kimi saxlamaqda maraqlıdır. Lakin bu, Azərbaycanın beynəlxalq nüfuzuna fundamental zərbə vuran amil deyil. Əksinə, Azərbaycan son illərdə regional təhlükəsizliyin təminində, enerji təhlükəsizliyində və nəqliyyat-logistika layihələrində oynadığı mühüm rolla beynəlxalq sistemdə etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Bu reallıq fonunda tək-tək siyasi bəyanatların ölkənin ümumi imicini müəyyənləşdirməsi mümkün deyil. Rəsmi Bakının mövqeyi prinsipialdır və dəyişməz qalır: Azərbaycan suveren dövlətdir və onun hüquq-mühafizə, məhkəmə sistemi kənar müdaxilələrdən kənarda fəaliyyət göstərir. Dövlət orqanlarının fəaliyyəti siyasi sifarişlə deyil, qanunun aliliyi prinsipi ilə tənzimlənir. Bu səbəbdən də xarici siyasətçilərin və ya parlament üzvlərinin konkret cinayət işlərinə siyasi don geyindirməsi Azərbaycanda daxili işlərə müdaxilə kimi qəbul olunur və bu yanaşma rəsmi dairələr tərəfindən haqlı olaraq rədd edilir”.

Parlamentari son olaraq bildirib ki, eyni zamanda Azərbaycan tərəfi beynəlxalq tərəfdaşlarla dialoqa açıqdır, lakin bu dialoq qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər əsasında qurulmalıdır:

“İnsan hüquqları məsələsi bir ölkəyə qarşı siyasi təzyiq vasitəsinə çevrildikdə, bu artıq hüquq yox, geosiyasi maraqların ifadəsinə çevrilir. Azərbaycan isə belə ikili standartları qəbul etmir və etməyəcək. Nəticə etibarilə, konqresmen Makqovernin vitse-prezidentə ünvanladığı məktub rəsmi Bakı üçün hüquqi mahiyyət daşımayan, daha çox daxili auditoriyaya və beynəlxalq siyasi müstəviyə hesablanmış bəyanat kimi qiymətləndirilə bilər. Azərbaycan dövləti üçün əsas meyar isə dəyişməzdir: cinayət törətmiş şəxs siyasi statusundan asılı olmayaraq qanun qarşısında cavab verməlidir və bu prinsip heç bir xarici çağırışla sual altına alına bilməz”.

Orxan

Gununsesi.info