ABŞ Konqresinin aparıcı üzvü ölkənin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı rəsmilərlə görüşlərində “vicdan məhbuslarının azadlığa buraxılması üçün səy göstərməyə” çağırıb. Nümayəndələr Palatasının üzvü, palatanın Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, demokrat Ceyms Makqovern fevralın 6-da vitse-prezidentə ünvanlandığı məktubu dövlət katibi Marko Rubioya da göndərib.
Konqresmen məktubunda Tramp administrasiyasının strateji diplomatiyasının siyasi məhbusların azadlığa çıxmasında uğur qazandığını qeyd edir, Belarusda Sergey Tixanovskinin, Ales Bialistskinin, Mariya Kalesnikovanın adlarını vurğulayır.
“ABŞ Dövlət Departamentinin insan haqları hesabatlarında Azərbaycan hökumətinin acınacaqlı insan hüquqları göstəriciləri sənədləşdirilib. Azərbaycana səfəriniz və vəzifənizin imkanlarından yararlanaraq vicdan məhbuslarının azadlığa buraxılmasına çalışmağa çağırıram”, – məktubda deyilir.
Maraqlıdır, ABŞ Konqresinin aparıcı üzvünün vitse-prezidentə ünvanladığı bu çağırış Azərbaycan hökuməti üçün hansı siyasi mesajı ifadə edir?
Vaşinqton insan haqları mövzusunu real təzyiq alətinə çevirəcək, yoxsa bu, sadəcə diplomatik ritorikadır?
ABŞ-nin Belarus nümunəsini qabartması Azərbaycana açıq müqayisə mesajıdırmı?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, bu kimi müraciətlər ölkələri hansısa bir çərçivədə saxlamaq, onları həmişə hədəfə çevirmək üçün vasitələrdən biridir:
“Azərbaycanın daxili hüquq sistemi var və bu sistem hansısa prosesləri hannsısa bir rəyi nəzərə alıb əldə eləmir. Bununla bağlı Avropa Şurası və başqa sənədlər qəbul olunsa da, bunları hamısı məhz Azərbaycanın ümumi siyasətinə müdaxilə etmək bəhanəsi güdən məsələlərdir”.
Deputat o cümlədən deyib:
“Kimisə insan haqqı maraqlandırırsa, ABŞ-də mühacirlərə qarşı, xüsusilə jurnalist və başqalarının qətli məsələlərinə diqqət yetirərdilər. Bir sözlə, bu cür müraciətlər həmişə olur, amma elə bir əsaslı nəticələr doğurmayan müraciətlərdir və bunun Azərbaycanın siyasətinə təsiri yoxdur”.
Orxan
Gununsesi.info












