Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda mənzil kooperativləri (MKK) ilə bağlı yeni tələblərin tətbiqini təklif edib. O, parlamentin növbəti plenar iclasında çıxışı zamanı bildirib ki, MKK-lardan tikintiyə başlamazdan əvvəl bank zəmanəti və ya sığorta tələb olunmalıdır. Deputatın sözlərinə görə, tikinti başa çatmadığı halda layihə məhz bu təminat depozitləri hesabına tamamlanmalıdır.
Razi Nurullayev qeyd edib ki, mövcud qanunvericilik vətəndaşları tam şəkildə qorumur. Bəzi kooperativlərin məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərlik daxilində hüquqi problemlər nəticəsində minlərlə ailə yarımçıq tikililərdə çıxılmaz vəziyyətdə qalıb.
Deputat vətəndaşların ödədiyi vəsaitlərin birbaşa MKK-ların hesabına deyil, nəzarət olunan xüsusi depozit hesablarına yönəldilməsini də təklif edib. Onun fikrincə, həmin vəsaitlər tikintinin faktiki mərhələlərinə uyğun şəkildə, mərhələli qaydada istifadə olunmalıdır.
Bununla yanaşı, MKK rəhbərliyinin şəxsi məsuliyyətinin gücləndirilməsi də vacib hesab olunur. Saxtakarlıq və ya sui-istifadə hallarında təkcə şirkət deyil, onun rəhbər şəxsləri də hüquqi məsuliyyət daşımalıdır. Belə hallara yol verən şirkətlər və vəzifəli şəxslər uzunmüddətli qadağalar və daha sərt sanksiyalarla üzləşə bilərlər.
Digər təkliflər arasında hökumət nəzarətinin gücləndirilməsi, problemli mənzil kooperativlərinin “qara siyahı”sının hazırlanaraq ictimaiyyətə açıqlanması, zərərçəkmiş vətəndaşların müdafiəsi üçün təcili hüquqi mexanizmlərin yaradılması yer alır.
“İstədiyi kimi tikinti aparmağın, vəsaitləri nəzarətsiz xərcləməyin və məsuliyyətdən yayınmağın mümkün olduğu dövr başa çatmalıdır. Bu, bazarla bağlı deyil, insanların həyatı ilə bağlıdır”, – deyə deputat vurğulayıb. O, həmçinin Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə hərtərəfli dəyişikliklərin hazırlanmasının vacibliyini qeyd edib.












