Slovakiya Ombudsmanı Azərbaycanda təcrübə mübadiləsində iştirak edib

  • By Admin2
  • 10 Aprel 2026 14:09

Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub.

Gununsesi.info xəbər verir ki, Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində yaradılmış şəraitlə tanış olub.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Bakı İstintaq Təcridxanasında qonaqlara müəssisə barədə ətraflı məlumat verilib, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, kitabxanasına və digər yerlərə baxış keçirilib.

Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində də müəssisənin korpuslarına, tibb məntəqəsinə, yeməkxanasına və digər obyektlərinə baxış keçirilib.
Yekunda iki ölkənin qanunvericiliyinin və beynəlxalq aktların müddəalarının müqayisəsinə əsaslanan müzakirələr aparılıb.

Gununsesi.info