ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Cozef Kent Vaşinqtonun NATO-dan ayrılmaq ehtimalı ilə bağlı diqqətçəkən iddia səsləndirib.
Gununsesi.info xəbər verir ki, o, bu ehtimalın arxasında ABŞ-nin Türkiyə ilə İsrail arasında yarana biləcək mümkün gərginlikdə İsrailin tərəfində dayanmaq istəyi dayandığını bildirib.
Saytımıza açıqlama verən politoloq Turan Rzayev hesab edir ki, bu cür yanaşmalar ABŞ-nin real xarici siyasət kursunu tam əks etdirmir:
“Vaşinqtonun beynəlxalq siyasəti bir şəxsin mövqeyi ilə deyil, müxtəlif dövlət institutlarının, siyasi maraqların və uzunmüddətli strateji hədəflərin qarşılıqlı təsiri nəticəsində formalaşır. Geosiyasi baxımdan NATO ABŞ üçün yalnız hərbi ittifaq deyil, həm də qlobal təsir imkanlarını genişləndirən əsas alətlərdən biri hesab olunur. Bu səbəbdən ABŞ-nin alyansı tərk etməsi ilə bağlı səsləndirilən fikirlər daha çox siyasi müzakirə xarakteri daşıyır və belə bir addımın atılması üçün ciddi struktur dəyişiklikləri və geniş siyasi razılaşma tələb olunur. Son dövrlərdə ABŞ-ın keçmiş prezidenti Donald Trump NATO-nu kəskin tənqid edib və Vaşinqtonun alyansdan çıxa biləcəyini dilə gətirib. Bununla belə, analitiklər bu cür açıqlamaları daha çox təzyiq aləti kimi qiymətləndirir. Məqsədin, əsasən, alyans üzvlərini müdafiə xərclərini artırmağa və ABŞ-ın maraqlarına daha uyğun addımlar atmağa təşviq etmək olduğu bildirilir”, – deyə o, həmçinin qeyd edib.
Siyasi şərhçi o cümlədən deyib:
“Türkiyə ilə İsrail arasındakı münasibətlərə gəldikdə isə, bu əlaqələrin tarixən dəyişkən olduğu məlumdur. ABŞ-nin İsraili dəstəkləməsi açıq faktdır, lakin bu, Türkiyəni tam şəkildə qarşı tərəfə itələyəcək qədər sərt və birmənalı siyasət demək deyil. Türkiyə NATO üzvü kimi həm hərbi, həm də geostrateji baxımdan Vaşinqton üçün mühüm əhəmiyyət daşıyır. ABŞ indiyədək həm Türkiyə, həm də İsraillə strateji tərəfdaşlıq münasibətlərini qorumağa çalışıb və regional gərginliklərdə balanslı mövqe tutmağa üstünlük verib. Bu baxımdan, yalnız Yaxın Şərqdə mümkün bir qarşıdurmaya görə ABŞ-ın NATO-dan çıxması real görünmür. Ümumilikdə ABŞ daxilində NATO-nun rolu ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bəzi siyasətçilər alyansın Vaşinqton üçün maliyyə yükü yaratdığını iddia etdiyi halda, digərləri onu ABŞ-ın qlobal liderliyinin əsas dayaqlarından biri kimi qiymətləndirir. Bu isə göstərir ki, məsələ çoxşaxəlidir və tək bir regional ssenari ilə izah oluna bilməz”.
Elmar











