Zahid Oruc “Gününsəsi”-ni belə təbrik etdi

  • By Admin2
  • 20 Aprel 2026 13:36

Azərbaycan mediasının inkişafında mühüm rol oynayan “Günün Səsi” xəbər portalının 10 illik yubileyi münasibətilə təbriklər davam edir.

Belə ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da 10 yaşı tamam olan xəbər saytını təbrik edənlər sırasındadır.

Gununsesi.info Zahid Orucun saytın təsisçisi və baş redaktoru olan Pərviz Həşimliyə ünvanladığı təbrik mətnini təqdim edirik:

Hörmətli Pərviz müəllim, Sizi “Günün səsi” xəbər portalının 10 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, kollektivinizə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Ötən on il ərzində “Günün Səsi” xəbər portalı ölkəmizin informasiya məkanında özünəməxsus yer tutaraq, operativlik, obyektivlik və peşəkarlıq prinsiplərinə sadiqliyi ilə seçilib, çoxsaylı oxucu etimadını qazanan nüfuzlu media orqanlarından birinə çevrilib. Milli mətbuatımızın layiqli təmsilçilərindən biri kimi platformanın cəsarətli mövqeyi, həqiqətə bağlılığı və milli maraqları daim  üstün tutması-etimadın bariz nümunəsidir.

21-ci əsrin və yeni min illiyin qlobal informasiya məkanı sərt çağırışlar-hibrid informasiya hücumları, dezinformasiya kampaniyaları və süni intellekt texnologiyları ilə getdikcə genişlənir. Belə bir mürəkkəb şəraitdə “Günün Səsi” və Azərbaycanın digər nüfuzlu media quruluşları peşəkarlıq, operativlik və milli məsuliyyət nümayiş etdirərək, təhdidlərə qarşı fəal mübarizə aparırlar. Milli mənafelərimizin ləyaqətlə müdafiə olunması, ictimai rəyin sağlam ideyalar, dəyərlər və ədalət prinsipləri üzərində formalaşdırılması xüsusilə təqdirəlayiqdir, müasir medianın üzərinə düşən tarixi missiyanın uğurla yerinə yetirildiyini nümayiş etdirir.

Azərbaycan mediası yalnız informasiya daşıyıcısı deyil, həm də milli maraqların müdafiəsində fəal iştirak edən mühüm qüvvəyə çevrilib. Vətən müharibəsində əldə olunan Parlaq Zəfər, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qazanılan Qələbə həm döyüş meydanında, həm də informasiya məkanında uğurlarımızın vəhdətidir. “Günün Səsi” kimi media qurumları informasiya cəbhəsində mühüm rol oynayaraq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməkdədir.

Böyük Qayıdış Salnaməsinin yazıldığı bir dövrdə Kəlbəcərdən Zəngilana qədər doğma yurdlarına qayıdan on minlərlə insan yeni Vətən quruculuğunun fəal iştirakçılarına çevrilib. İşğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni şəhərlər və kəndlər salınır, müasir infrastruktur yaradılır. Bu, təkcə fiziki deyil, həm də mənəvi dirçəlişin sütunlarıdır.

Belə bir tarixi mərhələdə media orqanlarının üzərinə düşən tarixi məsuliyyət artıq qalib xalqın və dövlətin yeni Yüzillik salnaməsini yazmaqdır.

“Günün Səsi” platformasının rəhbəri dəyərli Pərviz Həşimli Zəfər  ideallarına sədaqəti və prinsipiallığı ilə seçildiyi üçün sınaqlardan uğurla çıxmağı bacarıb, ədalət və qanunçuluq prinsipləri ilə şərəfli yol keçərək,  milli mətbuatımızın ön cərgərlərində layiqli yer tutub.

İnanırıq ki, “Günün Səsi” platforması bundan sonra da Azərbaycan informasiya məkanında öz yerini qoruyacaq, ölkəmizin uğurlu inkişaf yolunu, qələbələrini və quruculuq opepoyasını obyektivliklə, peşəkarlıqla işıqlandırmaqda davam edəcəkdir.

Bir daha yubiley münasibətilə Sizi ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Zahid Oruc

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri.

Gununsesi.info