Ali təhsil müəssisələrində minimal keçid balı 150 olan ixtisaslar mövcuddur. Bu ixtisasları bitirən tələbələr diplom alsalar da, iş tapmaqda çətinlik çəkirlər.
Nəticədə, ali təhsil diplomu olan bir çox gənc sahələrində işləyə bilmir və əmək bazarında işsiz qalır.
Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsadovun sözlərinə görə, 150 bal toplayaraq ali təhsil almaq gələcəkdə həmin şəxslərin mütəxəssis olmasına zəmanət vermir:
“Statistikaya görə, 4 il ali təhsil alanların yalnız 30%-i ixtisası üzrə işləyə bilir. Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarında maksimum bal 700-dür. Təhlillər göstərir ki, ən aşağı ballarla ali məktəbə qəbul olan şəxslər əmək bazarına daxil olduqda müasir tələblərə uyğun bilik və bacarıqlara malik olmurlar. Bu şəxslərin ixtisas bilikləri kifayət qədər aşağıdır. Təəssüf ki, həmin ixtisaslara əmək bazarında da o qədər ehtiyac yoxdur. Məsələn, 1-ci ixtisas qrupunda balıqçılıq, heyvandarlıq və tərəvəzçilik kimi sahələr var. Eyni zamanda, aqronomluğun müxtəlif sahələri və kənd təsərrüfatına aid ixtisaslar üzrə mütəxəssislərin iş tapmaq imkanları kifayət qədər aşağıdır”.
Ekspert belə ixtisasların sayının çox olduğunu və bu yerlərin digər ixtisaslara ayrılmasının daha məqsədəuyğun olduğunu vurğulayıb.
“1-ci ixtisas qrupunda kənd təsərrüfatı ixtisaslarının sayı hədsiz dərəcədə çoxdur. Təxminən 20-yə yaxın müxtəlif ad altında kənd təsərrüfatına aid ixtisas mövcuddur. Bu ixtisasların plan yerlərini azaldıb, əvəzinə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi və digər mühəndislik ixtisaslarının plan yerləri artırıla bilər. Aşağı ballarla ali məktəblərin plan yerlərini doldurmaq əvəzinə, əmək bazarında daha çox tələb olunan ixtisaslara üstünlük versək, gənclərimiz gələcəkdə 4 il vaxt itirməzlər.
Bundan əlavə, belə ixtisasların illik təhsil haqqı da kifayət qədər yüksəkdir. 1-ci ixtisas qrupu üzrə şərabçılıq ixtisasının təhsil haqqı Gəncədə 1 500 manat, meşəçilik ixtisasının təhsil haqqı isə 3 900 manatdır. Halbuki 2-ci ixtisas qrupu üzrə biznesin idarə olunması, marketinq, turizm işi və turizm bələdçiliyi ixtisaslarının təhsil haqları 2 500–3 500 manat arasında dəyişir ki, bu da kifayət qədər yüksəkdir. 3-cü ixtisas qrupunda sosial iş ixtisasının təhsil haqqı 3 500–4 000 manat civarındadır. 4-cü ixtisas qrupunda isə 150 ballıq ixtisasların təhsil haqları 2 500–3 500 manat arasında dəyişir ki, bu məbləği belə ixtisaslara sərf etməyə dəyməz”.
Ekspert onu da vurğulayıb ki, abituriyentlərin bu ixtisaslara yönəlmək əvəzinə, orta ixtisas və peşə təhsil müəssisələrinə yönəlməsi daha məqsədəuyğun olar.
Şəbnəm













