Boşanma və tək övladlı ailələr Azərbaycan təhsilinə necə təsir edir? -EKSPERT DANIŞDI

Azərbaycan məktəblərində yeni tədris ili başlayıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2025–2026-cı tədris ilində ümumilikdə 1,6 milyona yaxın şagird məktəbə gedəcək.

Lakin statistik göstəricilər göstərir ki, Azərbaycanda 1-ci sinfə qəbul olunan uşaqların sayı sürətlə azalır.

Gununsesi.info-ya danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, boşanma hallarının artması, oğlan uşağı istəyi, və tək övladlı ailələrin çoxalması əhalinin təbii artımını ciddi şəkildə azaldır:

“Son 7 tədris ili ərzində I sinfə qəbul olunan uşaqların sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. 2019-2020-ci tədris ilində 159 min 644 uşaq I sinfə qəbul olmuşdusa, 2025-2026-cı tədris ilində bu rəqəm artıq 130 minə enmişdir. Bu azalmanın demoqrafik vəziyyətə mənfi təsir edəcəyini nəzərə alaraq, aidiyyatı qurumlar bu məsələyə diqqətlə yanaşmalıdırlar”.

Ekspert qeyd edib ki, bu tendensiya gələcəkdə təhsil sahəsində də ciddi problemlərə yol açacaqdır:

“Xüsusilə, əhalinin gənc nəsilinin sayının azalması, məktəblərin fəaliyyətinə, yəni daha çox rasionallaşdırma və optimallaşdırmanın aparılmasına, pedaqoji heyətin azalmasına və ümumən təhsil prosesinə mənfi təsir edə bilər”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info