“Dərsliklərimiz standartlara uyğun deyil” -İlham Əhmədov

“Təhsil Nazirinin qeyd etdiyi kimi, dərsliklərimiz beynəlxalq standartlara uyğun deyil. Bunun əsas səbəbi isə yalnız dərsliklərin keyfiyyətində deyil, ümumilikdə təhsil siyasətimizdə, dərslik siyasətində və təhsil menecmentində beynəlxalq yanaşmanın olmamasıdır”.

Bunu Gununsesi.info-ya danışan dosent İlham Əhmədov bildirib:

“Əslində “pis dərslik” və ya “pis müəllif, pis müəllim” anlayışı yoxdur. Problemin kökü pis idarəetmə, səmərəsiz təhsil sistemi və bu sahədə naşı məmurların mövcudluğudur.

Beynəlxalq standartlardan danışarkən xüsusilə vurğulamaq lazımdır ki, təhsilin bütün pillələrində və bütün proseslərində, o cümlədən dərslik siyasətində, universitetlərdə və elmi-tədqiqat institutlarında işin səmərəliliyinin artırılması üçün mütləq Beynəlxalq Keyfiyyət Standartlarına (ISO 9001) uyğun olaraq Təhsildə Keyfiyyətin Menecmenti Sistemi (TQMS) qurulmalıdır”.

İlham Əhmədov əlavə edib ki, əgər bütün proseslər düzgün şəkildə qurularsa, hər mərhələdə daxili və xarici nəzarət mexanizmi tətbiq edilərsə, onda yüksək nəticə əldə etmək mümkündür.

“Bu, həm də Boloniya prosesinin əsas tələblərindən biridir. Hazırda bir çox elm və təhsil müəssisələrinin fəaliyyəti təəssüf ki, sistemli xarakter daşımır. Bu isə ümumi inkişafı ləngidir və beynəlxalq standartlarla ayaqlaşmağa mane olur”-deyə o qeyd edib.

 

 

Şəbnəm

Gununsesi.info