Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, MHP lideri bu barədə partiyasının qrup iclasında bildirib.
O, üzünü zaldakı millət vəkillərinə tutaraq sual ünvanlayıb:
“İmralıya getməyimə izin verirsinizmi? Açıq şəkildə deyirəm. Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm”.
Baxçalının bu sualına deputatlar alqışlarla cavab verib.
O vurğulayıb ki, terrordan azad bir Türkiyənin hədəfi getdikcə daha da güclənməkdirsə, İmralıya getməkdən çəkinməyin mənası yoxdur.
Qeyd edək ki, Baxçalı bir neçə il bundan öncə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanı PKK-ya rəğbət bəsləməkdə ittiham etmişdi. O, həmin dövrdə Ərdoğan Hakimiyyətinin PKK açılımına ən sərt mövqe bildirənlərdən biri olmuşdu.
Hazırda onun bu gün etdiyi çağırışı və Öcalana olan isti münasibəti ölkədə ciddi tənqidlərə və narazılıqlara səbəb olub.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.













