Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhəri ərazisində yerləşən “SOCAR” “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yanğın-taktiki təlim keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd qaz məhsulları saxlanılan çənlərdə və açıq texnoloji qurğularda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin ümumilikdə 6 ədəd texnikası və 50 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

















