“Görüşlər sülh prosesinə təkan verir” -Fərhad Məmmədov

“Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşü baş tutub. Azərbaycan və Ermənistanın rəsmi strukturları görüşün ciddi şəkildə ikitərəfli formatda keçirilməsinə şərait yaradıb.

Uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsi Zvartnots hava limanında eniş edib – bu, tezliklə ikitərəfli münasibətlərdə normaya çevrilə biləcək vacib bir detaldır”.

Bu fikirləri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov sosial şəbəkədə Ermənistan səfəri ilə bağlı paylaşımında qeyd edib:

“Sirr deyil ki, Azərbaycan və Ermənistan ekspertləri vaxtaşırı müxtəlif layihələr və beynəlxalq tədbirlər çərçivəsində görüşürlər. Lakin bu dəfə bütün detallar ikitərəfli müzakirə olunub: Azərbaycan təyyarəsinin İrəvana uçuşundan tutmuş proqramın hazırlanmasına, press-reliz mətninə və gündəlikdəki digər məsələlərə qədər. Bu, sülh gündəmi üçün çox vacibdir, çünki müstəqil şəkildə təşkil olunmuş görüşlər sülh prosesi üçün əlavə hesabatlılıq və təkan yaradır.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında əməkdaşlıq çərçivəsini yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan əldə olunmuş nailiyyətləri möhkəmləndirmək və əlaqələrin səviyyəsini genişləndirmək üçün addımlar atır. Bu, asan yol deyil, çünki kənar sponsor yoxdur; bütün işlər ikitərəfli qaydada aparılır. Hökumətlər artıq vətəndaş cəmiyyəti nümayəndələrini sülh prosesinə cəlb etmək üçün kifayət qədər məzmun yaradıblar. Uzunmüddətli sülh və sabitliyə sadiqlik var.

Görüş yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik təmin edilib və regionun geosiyasətindən tutmuş cəmiyyətləri narahat edən mövzulara qədər geniş spektrli məsələlər müzakirə olunub. Qrupun məqsədləri və potensial birgə fəaliyyətləri də müzakirə edilib.

Hər gün media orqanlarında öyrəndiyimiz və gördüyümüz hər şeyi görmək, İrəvanda gəzmək əlbəttə ki, maraqlı idi. Gəzinti zamanı hətta efirdən tanıdığım bir jurnalistlə də rastlaşdım.

Bəli, bəzi erməni saytlarında təhqirlər və hiddətlər səsləndirilir, bəzi Azərbaycan saytları isə razılığın mümkün olmayacağını bildirirlər. Bu, cari dövrdə normaldır; cəmiyyətlərin hökumətlərin sülh gündəminə alışması üçün hələ çox iş görülməlidir. Prosesin irəliləməsi üçün rəsmi səviyyədə qərarlar verilir və vəziyyətin sabitləşməsi, davamlı sülhün bərqərar olması üçün bu tarixi məqamdan istifadə edilməlidir”.

Gununsesi.info