“Human Rights Watch”dan Azərbaycana tənqid - YAP-çı DEPUTAT İSƏ DEYİR Kİ...

  • By admin
  • 05 Fevral 2026 11:16

“Human Rights Watch” Beynəlxalq İnsan Hüquqları Təşkilatı dünyada 2025-ci il üçün insan haqlarının vəziyyətinə dair hesabat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, hesabatın Azərbaycanla bağlı bölümündə hökumətə qarşı sərt tənqidlər yer alıb.

Hesabatda bildirilir ki, Azərbaycanda müstəqil jurnalistlər və hökumətin opponenti olan siyasi qüvvələr həbs edilib.

Sənəddə, həmçinin qeyd olunur ki, qanunvericiliyə edilən dəyişikliklər ölkədə vətəndaş cəmiyyətinin rolunu sıradan çıxarıb.

Milli Məclisin YAP-dan olan üzvü Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında bu hesabatda onun üçün yenilik olmadığını deyib:

” “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational” və sair təşkilatlar illərdir ki, Azərbaycana qarşı qərəzli siyasət aparırlar. Ölkədə məhkəmə-hüquq islahatları aparılıb. Bu barədə bir neçə il əvvəl ölkə başçısının “Məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi haqqında” fərmanı oldu. Amma biz şahidi olmadıq ki, həmin təşkilatlar bunu Azərbaycanın uğuru kimi təqdim etsinlər. Ona görə də bizim üçün o hesabatlarda nəyin yazılması önəmli deyil. Cənab Prezident bunu Avropa Parlamentinin və AŞ PA-nın qətnamələrinə münasibətdə də ifadə edib”. 

Dünyanın heç bir yerində insan hüquqlarının vəziyyətinin ideal olmadığını vurğulayan deputat bildirib ki, Azərbaycan dövləti ortaya çıxan hər hansı bir problemi həll etmək iradəsini hər zaman nümayiş etdirib:

“Ötən illərlə müqayisədə məhkəmələrdə çıxarılan bəraət hökmləri, elə bu yaxınlarda Milli Məclisin qəbul etdiy Amnistiya Aktı dövlətin insan haqlarına verdiyi dəyəri göstərir”.

Afət Abbasova

Gununsesi.info