Ötən ildən etibarən pensiyaların artırılması ilə bağlı xəbərlər yayılır. Bəs pensiyalar həqiqətən artacaqmı?
Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Əli Məsimli məsələyə aydınqlıq gətirib.

Əli Məsimli qeyd edib ki, qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da tezliklə yox,növbəti ilin yanvarında olur:
“Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələbidir. Yəni bu,vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi bir məsələdir. Nəhayət qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb. Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək. Ona görə 2026-cı ilin pensiya artımları barədə bizə olan çoxsaylı müraciətləri sistemləşdirərək “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq qaldırlan həmin qəbildən olan suallara məhz indi cavab veririk:
“Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki,pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir.
Bunu əsaslandırmaq üçün əvvəlcə ondan başlayaq ki, ötən il,yəni 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əmək haqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz artırılmışdı”.
Deputat deyib ki, həmin qayda ilə bu il də əmək pensiyaları bu dəfə 2025-ci ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək:
“Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb. Bununla belə rəsmi açıqlamalarda hələlik 9-9,2 faiz arasında artım olacağı barədə fikirlər səsləndirilir. Artımın gerçəkdən neçə faiz olacağı barəda konkret rəqəm gələn həftə,yəni fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində xüsusi prezident cərəncamı verilək.
“Pensiya artımlarının konkret məbləği” ilə bağlı sualları sistemləşdirərək təxmin etmək olar ki,indeksləşdirmədən sonra ötən il pensiyaçıların yarıya qədərinin median pensiya səviyyəsində , yəni 360 manat ətrafında aldığı pensiyalar təqribən 33 manat artıb 393 manata, 543 manat elan edilən orta pensiya ətrafında pensiya alanların pensiyası isə 50 manat ətrafında artıb 593 manata çatacağı gözlənilir”.
Şəbnəm












