Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, uşaq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin gələcəyidir. Valideyn məsuliyyəti isə sadəcə hüquqi öhdəlik deyil, həm də mənəvi vəzifədir.
Qeyd edilib ki, polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirici və profilaktik tədbirlər həyata keçirir. Məqsəd cəzalandırmaq deyil, qorumaqdır. İzahedici söhbətlər, tövsiyələr və preventiv yanaşma təhlükənin qarşısını əvvəlcədən almağa xidmət edir. Valideyn məsuliyyəti hüquqi norma olmaqla yanaşı, vətəndaşlıq borcudur.
Ona görə də övladınızın harada, kimlə və necə vaxt keçirdiyini bilin, onların rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət edin, davranış dəyişikliklərinə biganə qalmayın, məktəb və ictimai mühitlə əlaqəni gücləndirin, laqeyd yanaşmayın. Gəlin, uşaqları aqressiv təsir yaradan hallardan birgə qoruyaq. Unutmayaq ki, bu gün göstərilən diqqət sabahın sağlam və güvənli vətəndaşını formalaşdırır.











