Problem çətirdə deyil, problem baxışdadır, yanaşmada, bikarçılıqdadır - Şəmil Sadiq İsa Həbibbəylidən yazdı...

  • By Admin2
  • 22 Yanvar 2026 10:31
20 Yanvar faciəsinin 36-cı il dönümündə Şəhidlər Xiyabanına ziyarətə gələn Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli yenidən gündəmə gəlib. 
Belə ki, akademiyanın işçisinin ona çətir tutması müzakirələrə, daha dəqiq, əksərən tənqidlərə məruz qalıb. 
Sosial şəbəkə istifadəçiləri Prezident İlham Əliyevin özü çətir tutan şəkli ilə İsa Həbibbəyliyə tutulan çətirin şəklini birləşdirir, Həbibbəylinin bu hərəkətini qınayırlar. 
Ancaq buna baxmayaraq, onu müdafiə edən, burada təəccüblü heç nə olmadığını bildirənlər də var. 
Gununsesi.info xəbər verir ki, sözügedən məsələyə “Hədəf Kursları”nın həmtəsisçisi və baş direktoru Şəmil Sadiq də münasibət bildirib.
“Bir il Akademik İsa Həbibəylinin müavini olmuşam. Onu kənardan yox, yaxından tanıyıram. Təkcə elmi çəkisini yox, xarakterini, iş prinsipini, insan kimi duruşunu da. Bir dəfə hansısa sənəd üçün İsa müəllimin ərizəsi lazım idi. Vaxtı yox idi. Dedim ki, “İsa müəllim, icazə verin, ərizəni biz yazaq, siz imzalayın.” Sərt bir səslə cavab verdi: İndiyə qədər mənim bir nöqtəmi də kimsə yazmayıb. Olmaz”, – deyə o qeyd edib.
Şəmil Sadiq o cümlədən deyib: 
“İsa müəllim həmişə öz işini özü görən, heç kimin arxasında gizlənməyən, heç kimə yük olmayan adam olub.
İndi isə bir gəncin 75 yaşlı bir akademikin çətirini tutması üstündən cəmiyyət düşüb həm gəncin, həm də ustadın üstünə. Tanıyan da danışır, tanımayan da. Sanki burada hansısa “xidmətçilik”, “yarınma”, “aşağılanma” aktı baş veribmiş kimi.
Nə olub ki?”
O, əslində, həmin hərəkətin ağsaqqala hörmət olduğunu deyib:
“Ağsaqqal bir insandır. Yaşı, yolu, çəkisi olan bir adamdır. Çətiri tutan isə gəncdir. Tərbiyəlidir. Şəxsən tanıyıram, şəxsiyyətinə də, mədəniyyətinə də bələdəm. Ağzına gələni yazanların heç birindən də əskik oğlan deyil. Bəs hanı o tez-tez dillərə gətirilən “milli mentalitet”? Hanı ağsaqqala hörmət? Hanı böyüyə ehtiram, kiçiyə tərbiyə? Onunla işləyən biri kimi deyə bilərəm ki, o bütün işçiləri ilə dostluq edib həmişə. Dəfələrlə olub ki, biz elə otaqda pendir çörək yemişik tədbirlər vaxtı. Hamımızı çağırırdı ki, hərəniz bir tikə götürün, işimiz çoxdur. İsa müəllim ustaddır. Ağsaqqaldır. Və bir gəncin ona dəstək verməsi nə alçaldıcıdır, nə də müzakirə mövzusu. Ayıbdır, vallah. Bu nə təfəkkürdür, bu nə düşüncədir? Problem çətirdə deyil, problem baxışdadır, yanaşmadadır, bikarçılıqdadır”.