“Sarı xətt” - Pərviz Yəhyalı yazır...

  • By Admin2
  • 02 Mart 2026 12:24

Əksər hallarda sarı xətt dayanma-durmanı qadağan etmək üçün çəkilir. Danışıq dilində “son hədd” mənasında işlədilən qırmızı xəttin hüquqi müstəvidəki inikası sayılan sarı xətt həm də onun keçilməsini, tapdalanmasını qanunla məhdudlaşdırır.

Azərbaycan xalqı 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etdikcə, tez-tez cənub qonşularımızın dövlət rəsmilərinin dilindən “qırmızı xətt”lərinin xatırladılmasının şahidi olurduq. Biz əzəli torpaqlarımızdan – Zəngəzurun adını çəkən kimi, Ermənistandan çox İran rəsmilərinin narahatlıq keçirdiyini görürdük.

“Zəngəzur dəhlizi” ifadəsini İran özünün qırmızı xətti elan edir, heç bir etik normaya sığmayan tərzdə Azərbaycan Respublikasının mənəvi haqqına qarşı etiraz nümayiş etdirirdi.

Əslində isə, təcavüzə məruz qalmış Azərbaycan xalqının qırmızı xəttini İran tərəfi illərlə ağına-bozuna baxmadan tapdalamaqdan çəkinmədi. Onlar işğal altına düşmüş bölgələrimizin maddi resurslarını ermənilərlə əlbir olaraq talayır, hətta torpaqlarımızı ermənilərdən icarəyə götürərək əkin əkirdilər. Cənublu soydaşlarımız öz dövlətlərinin Azərbaycana qarşı siyasətinə etiraz etdikdə isə dərhal sərt şəkildə cəzalandırılırdılar.

Biz İranda hazırda baş verənlərdən narahatıq. İstənilən halda müharibəni pisləyirik. İllərlə müharibə acılarını yaşamış xalq olaraq hər cür hərbi toqquşmaya qarşıyıq. Qanı qanımızdan olan milyonlarla güneyli soydaşlarımızın taleyi bizi düşündürür. Amma onu da aydın şəkildə dərk edirik ki, seçim illərlə aparılan siyasətin nəticəsi olaraq İran dövlətinin siyasi kursunu müəyyən edənlər tərəfindən edilib.

Onlar özlərinin tez-tez işlətdiyi ifadə ilə desək, dünyanın qırmızı xəttlərini çoxdan etinasızcasına görməzdən gəliblər.

Biz nə edə bilərik? Seçim İranın siyasi kursunu müəyyən edənlərindir. Bu, onların məsuliyyətidir.

Azərbaycan dövlətinin cənubla bağlı siyasəti isə birmənalıdır. Dövlətimiz neytrallıq nümayiş etdirərək tərəfləri dialoqa səsləyir və istənilən halda ölkəmizin ərazisindən nə İrana, nə də hər hansı başqa ölkəyə qarşı plasdarm kimi istifadə olunmasına yol verməyəcəyini bəyan edir. Bu mövqe Azərbaycan xalqının iradəsinə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir – əslində, bizim sarı xəttimizdir.

Bədnam Gülüstan və Türkmənçay müqavilələrindən sonra Romanovlar və Qacarlar xanədanlarının çəkdiyi “Araz xətti”nin sonsuza qədər keçilməz qalacağına heç vaxt inanmamışıq. Əslində, Araz ayrılığının əbədi olacağını qəbul etmək bizim üçün sarı xəttdir.

İndi qışın son ayını – alaçalponu yaşayırıq. Yaz astanasındayıq. Bu vədələrdə Arazın suyu bulanıq, sapsarı olur. Yaz yağışları səngidikdən sonra isə bir vətəni ikiyə bölən çayın suyunun durulacağı şəksizdir.

Pərviz Yəhyalı

Gununsesi.info