Toyuq hininin tikintisinə elan edilən tenderi tülkü uddu.
Toyuqların yem təchizatı siçana verildi.
Onların “təlim-tərbiyəsi”nin qayğısına qalmaq isə çaqqala tapşırıldı.
Yumurtaların toplanması, daşınması və bazara çıxarılması çalağana həvalə edildi.
Bütün telekanallar bu qərarı böyük islahat kimi təqdim etdilər. Studiyalarda keçirilən debatlarda deputatlar sonuncu qərarı xüsusilə müdrik addım adlandırdılar. Dedilər ki, mühüm bir sahənin quş cinsindən olan nümayəndəyə həvalə edilməsi həm məntiqli, həm də simvolikdir.
Bir müddət keçəndən sonra məlum oldu ki, yumurtanın qiyməti sürətlə bahalaşır.
İqtisadçı ekspert Vüqar Bayramov çıxış edərək bildirdi ki, qiymətləri süni şəkildə artıran işbazlar məsuliyyətə cəlb olunmalıdır.
Təcili məşvərət çağırıldı.
Çaqqal pinqivin modelini tərifləyib dedi ki, soyuq iqlim texnologiyası tətbiq olunmalıdır.
Siçan logistik mərkəzlərin tikilməsini təklif etdi.
Tülkü yapon konstruksiyasının daha etibarlı olduğunu izah etdi.
Çalağan isə daşınmalarda PUA-lardan istifadəni zəruri saydı.
Hamı çox danışdı.
Yeni planlar hazırlandı.
Yeni layihələr yazıldı.
Yeni vəsaitlər ayrıldı.
Yalnız bir sual verilmədi:
Toyuq hininə niyə toyuqlardan başqa hamı sahib çıxıb?
Amma bu sualın cavabını hamı bilirdi.
Sadəcə heç kim demirdi.
Çünki o hində danışmaq hüququ olan yeganə canlılar —çoxdan yumurtaya yox, qorxuya yatırdılmış toyuqlar idi.
Pərviz Yəhyalı
Gununsesi.info











