45 Bənövşə - PƏRVİZ YƏHYALI YAZIR

Xeyr, bu 45 bənövşə Salam Qədirzadənin “46 bənövşə” sinə işarə deyil.
1938–1955-ci illərdə Qazaxıstanın sərt, şaxtalı Axmola düzündə yaradılmış qadın həbs düşərgəsi — ALJİR-də cəza çəkmiş azərbaycanlı xanımların sayı qədər, 45 bənövşədən bir dəstə bağlayıb onların xatirəsini böyük ürək ağrısı ilə yad edirəm.

Adı çəkilən ölüm düşərgəsi — Akmolinskiy Laqer Jyon İzmenikov Rodini (ALJİR) — insan ləyaqətini alçaldan, bəşər tarixində zərif cinsə qarşı törədilmiş həqarətin ən utancverici səhifələrindən biridir. Burada məhbəs həyatı yaşamış 18 min qadın ağlasığmaz məşəqqətlərə və dözülməz iztirablara məruz qalmışdır.
Həmin illərdə bu düşərgədə cəza çəkən qadınların yalnız bir “günahı” vardı: onlar heç bir suçu olmayan “xalq düşmənləri”nin həyat yoldaşları idilər. Məhkəməsiz və istintaqsız azadlıqları əllərindən alınmış 44 azərbaycanlı qadın və milliyyətcə acar olan, böyük şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə də məhz buranın tikanlı məftilləri arasında həqarətli işgəncələrə məruz qalmışdılar.
Onlara qarşı göstərilən münasibət bəşər tarixinin ən rəzil səhifələrindən biri kimi insanlığın üz qarası olaraq qalır.
Hər il Beynəlxalq Qadınlar Günü — 8 Mart günü həmin günahsız məhbuslara verilən dəhşətli işgəncələri xatırlayanda damarlarımda qanım donur.
Dəhşətli soyuq, ağır fiziki işlər, aclıq və dözülməz şəraitdən əziyyət çəkən bu qadınları təhqir etməyin yeni-yeni üsullarını icad edən qansızlar onlara texniki spirt içirdir, düşdükləri acınacaqlı vəziyyətdən həzz alırdılar.
Bu gün — 8 Mart Qadınlar Günündə — 45 boynubükük bənövşə ilə onların xatirəsi qarşısında ehtiram və dərin sayğı ilə baş əyirəm.

ALJİR düşərgəsində saxlanılmış azərbaycanlı qadınlar
1. Abdullayeva Mirnuriyyə İbrahim
2. Əliyeva Məyruhə Süleyman
3. Əliyeva Kənizə İmaməli
4. Əmrahova Gülruh Baba
5. Babazadə-Bədəlova Leyla Əli
6. Bayramova Ceyran Şirin
7. Biləndərli Səyad Qasım
8. Vəzirova İzzət İsmayıl
9. Həmzəyeva Həvva Bəyim
10. Hüseynova Əminə Məmmədşəfi
11. Hüseynova Tamara Fətəli
12. Hüseynova Şövkət Mirzalı
13. Zeynalova-Nuriyeva Rüavsa
14. İsmayılova Xədicə Məhərrəm
15. İsazadə Surğa Rəhim
16. Qarayeva-Səlimxanova Səkinə İsabəy
17. Qasımova Bibixanım Ağarəhim
18. Kərimova Firuzə Əsgər
19. Kərimova Həmayıl Həsən
20. Quliyeva Validə Hilal
21. Qurbanova Ruqiyyə Hənis
22. Mədəlova Hafizə Yarəli
23. Məmmədova Neynə Rəşid
24. Məhəmmədxanova Şövkət İsmayıl
25. Mehdiyeva Setar Hüseyn
26. Mehdiyeva Ziba Abdul
27. Mehdiyeva Dursun Həmzə
28. Muradova Səfurə Nəsib
29. Naibova Məryəm Əli
30. Nurməmmədova Fatimə Abdul
31. Sadıqova Qeysə Nəsir
32. Rzayeva Firəngiz Marza
33. Rzayeva Balabacı Hüseyn
34. Salamzadə Fəridə Rəhman
35. Ağayeva Gülruh Həsən
36. Xasayeva Sara Rza
37. Xəlilzadə Suriyə Süleyman
38. Şərifova Səyyarə Səttar
39. Şükürbəyli Münəvvər Əmir
40. Eldarova Sara Əmir
41. Eminbəyli Firuzə Məmmədtağı
42. Əfəndiyeva Əsmət Əhməd
43. Eyyubova Sənubər Nəsib
44. Yusifova Ayişə Osman
45. Axundzadə Şükriyyə Süleyman

Pərviz Yəhyalı
Gununsesi.info