“Tramp marşrutu bölgədə qarşılıqlı asılılıq və sülh üçün əsasdır” -DEPUTAT

ABŞ-ın dövlət katibinin müavini Elson Hooker nümayəndə heyəti ilə birlikdə Ermənistana səfər edib.

O, İrəvanda çoxsaylı yüksək səviyyəli görüşlər keçirərək ölkənin ali rəhbərliyi ilə Tramp marşrutunun icrası, İrəvan və Vaşinqton arasında əldə olunan razılaşmalar, ilin əvvəlində imzalanan strateji tərəfdaşlıq sənədi və Türkiyə ilə münasibətlərdə əldə olunan irəliləyişlər barədə geniş müzakirələr aparıb.

İrəvanda gedən müzakirələrdə əsas prioritet məsələ Tramp marşrutu olub.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, prosesin ən intensiv və bölgədə qarşılıqlı asılılıq yaradaraq sülhün təmin olunmasına xidmət edən məsələsi birinci növbədə Tramp marşrutu ilə bağlıdır.

Deputat qeyd edib ki, layihələndirmə prosesində amerikalılar yaxından iştirak edir və ABŞ-dan texniki heyət də Ermənistana səfər edərək işlərin sürətlənməsinə dəstək verir:

“Azərbaycan tərəfindən dəhlizin başa çatdırılması istiqamətində ölkə ərazisində prosesin sona çatdırılmasının şahidiyik. Təbii ki, indiki şəraitdə Ermənistan da digər prosesləri sürətlə həyata keçirməlidir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Elson Hookerin bu həftə Azərbaycana da səfər edəcəyini bildirir.

Onun regiona noyabrın 15-də başlayan səfəri noyabrın 21-də başa çatacaq.

 

Şəbnəm

Gununsesi.info