Media Təhlil Mərkəzinin (MTM) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanan rəsmi statistik göstəricilər əsasında apardığı təhlilə görə, 2025-ci ildə nağd ABŞ dolları ilə həyata keçirilən alış əməliyyatlarının həcmi 2,09 milyard ABŞ dolları təşkil edib.
Gununsesi.info Təhlil.az-a istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 28,6 faiz və ya 0,47 milyard dollar artım deməkdir.
Nağd ABŞ dolları ilə aparılan satış əməliyyatlarına gəldikdə isə, 2024-cü ildə 2,92 milyard ABŞ dolları təşkil edən satış həcmi 2025-ci ildə 39,6 faiz və ya 1,15 milyard ABŞ dolları azalaraq 1,77 milyard ABŞ dollarına enib.
Ümumilikdə, son beş ilin dinamikasına nəzər saldıqda, nağd ABŞ dolları ilə aparılan satış əməliyyatlarında əvvəlki illə müqayisədə azalma bir dəfə də 2023-cü ildə qeydə alınıb. Belə ki, 2022-ci ildə 2,36 milyard ABŞ dolları məbləğində satış əməliyyatı həyata keçirildiyi halda, 2023-cü ildə bu göstərici 35,6 faiz və ya 0,84 milyard ABŞ dolları azalaraq 1,52 milyard ABŞ dolları təşkil edib.












