XİN: "Dövlət Katibi müavininin Xəzər İbrahimlə görüşünün təfərrüatları ictimaiyyətə açıq deyil"

  • By Admin2
  • 04 Mart 2026 14:08

Xəbər verdiyimiz kimi, Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim dünən Vaşinqtonda həmin ölkənin dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns ilə görüş keçirib.

Maraqlıdır, bu müzakirələr ölkəmizdəki vəziyyətə, daha dəqiq desək, həbsdə olan jurnalist və ictimai fəallara təsir göstərə bilərmi?

Yoxsa, sadəcə formal xarakter daşıyan görüşlərdən biridir?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.

O bildirib ki, Vaşinqtonda olan bu cür görüşlər, əslində, konkret stiuasiya ilə bağlıdır:

“Xüsusilə müharibə gedən bir bölgədə ölkəmizin mövqeyi, cari xarakterli məsələlər, ən başda isə Azərbaycanın dövlət strategiyası məsələsinə daxil olan Zəngəzur dəhlizi ilə bağlı mövqelərin aydınlaşmasıdır. Ola bilsin ki, bu proseslər Ermənistandakı seçkilərə görə bir qədər arxa planda qalmış kimi görünür, amma bütövlükdə həyata keçirilməsi vacib olan məsələlərdəndir. Bu məsələlər üzərində aparılmalıdır. Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Azərbaycanda olanda konkret olaraq bu kimi mövzulara toxunmadı. Çünki bu gün Amerika üçün bu cür mövzular prioritet deyil. ABŞ üçün hazırda əsas məqsəd bölgədə mövqelərini gücləndirmək və daha çox özünün iqtisadi maraqlarını təmin etməkdir. Bu baxımdan, konkret olaraq məhbuslar və ya başqa şəxslər barəsində müzakirə olduğunu düşünmürəm. Ancaq ola bilsin ki, bizim bilmədiyimiz bəzi qapalı məsələlər var. Onlar da müzakirə oluna bilər”, – deyə millət vəkili bildirib.

Sözügedən məsələ ilə Azərbaycan Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışdıq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə saytımıza açıqlamasında bildirib ki, görüşün detalları ictimaiyyət üçün açıq deyil.

Orxan

Gununsesi.info