Bütün günü ürəyimi yeyə-yeyə qaldım, ona zəng edim, ya etməyim? Çünki AMEA-nın iclasında çəkilmiş fotosessiyada o da əks olunmuşdu.
Zəng etmədim, buna macal da yox idi, iş başdan aşırdı, sonra da peşman oldum, çünki bir başqa adam zəng edib rəyini öyrənmişdi.
Əkrəm Bağırov böyük alimdir, işgüzar, yaşının bu çağında da peşəsinin vurğunu, araşdırmaya həvəsi tükənməyən…
Hərdən heyfsilənirəm ki, onu gec tanımışam, çünki arada-bərədə zəngləşirik və hər telefon söhbətimizdə mən ondan nəsə öyrənirəm.
Zənnim məni aldatmırsa, o da telefon söhbətimizdən bir cür kam alır, çünki ürəyi doludur, şikayətlə, gileylə… filan nəşriyyatda aylardır bir tərcüməsi yatıb qalır, digərində daha vacib tərcümənin çapına pul tapılmır…
Alim adam neyləsin? Kimin qapısını döysün? Kimdən mədəd umsun? Alim səhifə hesabını bilməyə alışqandır, pulu dəstələməyə yox; o nəticəyə sevinir, onun üçün fərq etmir işini daşdan keçirən kimdir, Ramiz Mehdiyev, ya başqası…
Alimin vaxtı mənasız iclaslara xərclənməməlidir, lehinə-əleyhinə səsvermələrinin badına getməməlidir, ona real iş ver, münasib şərait yarat, əməyini layiqincə qiymətləndir! Başlanğıcı və nəticəsi əvvəlcədən məlum, faydalılıq əmsalı sıfır olan yığıncaqlarda mən də yataram və buna görə kimsədən utanmaram da! Yatmışam, əcəb eləmişəm!!!
P.S. Mənim demədiklərimi bu video deyəcək:












