Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın vəzifədən azad edilməsi tək bir şəxsin kadr dəyişikliyi deyil. Bu, həm də Ukraynanın güc strukturlarında gedən dərin və kəskin qarşıdurmanın açıq fazaya çıxmasıdır. Məsələnin mərkəzində isə Yermakın son həftələr ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasil Malyukun istefasına çalışması dayanır.
Bu konfliktin arxa planına baxanda bir neçə real səbəb ortaya çıxır.
Məsələn, “Midas” əməliyyatı.
NABU və SAPO-nun energetika sektorundakı korrupsiya sxemləri üzrə apardığı “Midas” əməliyyatı Ukrayna hakimiyyətində gözlənilməz tektonik hərəkətlilik yaratdı. Axtarışların Yermakın yaşayış yerinə qədər uzanması onun sistem daxilində toxunulmazlıq statusunun artıq işləmirə bilməsi demək idi.
Yermakın Malyukun istefasını tələb etməsinin əsas səbəblərindən biri də elə budur:
SBU “Midas” əməliyyatının hazırlanması və icrasında ya xəbərsiz qalıb, ya da müdaxilə etməyib. Yermak bunu özünə təhlükə kimi görüb. Onun düşüncəsinə görə, Malyuk ya prosesə nəzarət edə bilməmişdi, ya da bilərəkdən neytral mövqe tutmuşdu.
Hər iki variant Yermak üçün qəbuledilməzdir, çünki bütün siyasi arxitekturanı koordinasiya edən şəxs kimi öz informasiya üstünlüyünü itirmiş olurdu.
Ümumiyyətlə, Malyuk sadəcə texniki fiqur deyil. SBU rəhbəri olaraq onun arxasında hərbi elita, xüsusi xidmətlər şəbəkəsi, Qərblə işləyən təhlükəsizlik bloku dayanır.
Bu blok antikorrupsiya qurumları ilə birlikdə artıq Ukraynada ayrı bir güc mərkəzi kimi formalaşır. Yermak isə daha çox siyasi strategiya, kommunikasiya və administrativ idarəetmə blokunu təmsil edirdi.
Digər tərəfdən, Yermakın vəzifədən azad olunması Zelenskinin komanda idarəetməsində bir neçə mühüm tendensiyanı ortaya çıxarır.
Yəni Zelenski informasiya və güc balansını yenidən qurur
Zelenski görünür ki, artıq SBU–NABU–SAPO blokuna və onların “şəffaflıq” xəttinə daha çox güvənir.
Bu isə Qərbin uzun müddətdir təkid etdiyi siyasətə uyğun gəlir. Vaşinqton və Brüssel Ukraynada güc strukturlarının korrupsiya və oliqarx dairələrindən təmizlənməsini istəyir. Yermak isə Qərbdə bəzən bu prosesə mane olan fiqur kimi qəbul edilirdi.
Zelenskinin Yermakı qurban verməsi həm də Qərbə siqnal idi: “Siz dediyiniz xəttə uyğunlaşmağa hazıram”.
Bir sözlə, konkret desək, Yermak Malyukun istefasını ona görə tələb edirdi ki, öz güc dairəsindən kənarda baş verən antikorrupsiya əməliyyatları onu zəiflədir və informasiya üstünlüyünü əlindən alırdı.
Zelenskinin Yermakı işdən çıxarması isə prezidentin komandasını yenidən yığdığını, güc mərkəzlərini balanslaşdırmaq istədiyini və Qərbin prioritetlərinə uyğun strategiyaya keçdiyini göstərir.
Elmar
Gununsesi.info













