Gəncədə fəaliyyət göstərən məşhur “Ramada Plaza” oteli 4 illik təmir və yenidənqurma prosesindən sonra yenidən fəaliyyətə başlayıb.
Gununsesi.info–nun xəbərinə görə, otel bu dəfə “Ramada Plaza by Wyndham Gence” brendi ilə qapılarını müştərilərin üzünə açsa da ciddi problem ortaya çıxıb.
Belə ki, Gununsesi.info-ya müraciət edən bir qrup Gəncə sakini bildirib ki, otelin fitnes xidmətindən istifadə etmək üçün ödədikləri vəsaitə baxmayaraq, otel idarəçiləri onları idman zalına buraxmır.
Müştərilər deyir ki, uzun illər “Ramada Plaza”nın fitnes xidmətindən istifadə ediblər: “Otel təmirə dayananda bildirdilər ki, bu proses 1 il çəkəcək və yenidən idman zalından və hovuzdan istifadə edəcəksiniz. Amma təmir bir neçə il çəkdi. Biz də açılışdan sonra otelə gedəndə fərqli cavab eşitdik. Bildirdilər ki, sistemdə bizim ödəniş görünmür və biz fitnes xidməti üçün yenidən ödənş etməliyik. Müştərilər olaraq bank kartlarımızdan edilən ödəniş qəbzlərini və müqaviləni təqdim etdik. Bu dəfə bildirdilər ki, Bakıdakı rəhbərliklə danışıb bizə cavab verəcəklər. İndi isə verdikləri cavab gülüş doğurur.
Deyirlər ki, indi otel başqa idarəçilərdədir, sizə isə güzəştimiz fitnes üçün 5-10 girişi pulsuz etməkdən ibarətdir”.
Çıxılmaz durumda qalan müştərilər saytımız vasitəsilə problemin ictimailəşməsini və həllini xahiş edib.
Məsələ ilə bağlı otel rəhbərliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmayıb.
Mövzuya qayıdacağıq.
Afət Abbasova













