Zelenski: Ukraynada seçkilərin vaxtını və formatını Putin müəyyən edə bilməz

Ukrayna Prezidenti Volodimir Zelenski  Putinin Ukraynada seçkilərin vaxtı və formatına təsir edə bilməyəcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə birgə keçirdiyi brifinqdə müvəqqəti işğal olunmuş ərazilərdə də seçkilərin ümkünlüyü ilə bağlı suala cavab verərkən deyib.

Zelenskinin sözlərinə görə, Ukraynada seçkilərin keçirilməsi ilə bağlı qərar yalnız Ukrayna xalqına məxsusdur və bu proses Rusiyanın heç bir səlahiyyət dairəsinə daxil deyil. Prezident vurğulayıb ki, Rusiya rəhbərinin Ukrayna seçki prosesi ilə heç bir əlaqəsi yoxdur və nəticələrə təsir göstərə bilməz.

Dövlət başçısı qeyd edib ki, Ukrayna seçkilərin ədalətli və şəffaf keçirilməsini təmin etməyə qadirdir. Onun sözlərinə görə, bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı və xaricdə səsvermə təcrübəsi mövcuddur. Eyni zamanda, hazırkı vəziyyətin xaricdə yaşayan çoxsaylı ukraynalılar səbəbindən müəyyən çətinliklər yaratdığını bildirən Zelenski, Xarici İşlər Nazirliyinin bu istiqamətdə artıq işlərə başladığını deyib.

Prezident əlavə edib ki, seçkilər yalnız təhlükəsizlik təmin olunduğu halda keçirilə bilər. O, həmçinin vurğulayıb ki, Ukraynanın nəzarətində olmayan müvəqqəti işğal olunmuş ərazilərdə seçkilərin keçirilməsi mümkün deyil. Zelenski bildirib ki, bu ərazilərdə seçki prosesinin ədalətli keçirilməsi real deyil və Rusiya bu məsələdə öz daxili “təcrübəsini” tətbiq edir.

 

Şəbnəm

Gununsesi.info