close

12 saylı cəzaçəkmə müəssisəsində dini inanclıların işgəncəyə məruz qaldığı bildirilir

Foto: Meydan TV

“Taleh Bağırzadə ölümlə təhdid olunub”

Müsəlman Birliyi Hərəkatının sədri, 9 ildir həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində ölümlə təhdid olunduğu, oradakı bir sıra dini inanclı məhbusların işgəncəyə məruz qaldığı bildirilir.

Hərəkatdan Meydan TV-yə verilən məlumata görə, ilahiyyatçı özü başına gələnləri danışıb.
İlahiyyatçı deyib ki, 12 saylı cəzaçəkmə müəssisəsində su problemi var. Xüsusən isti aylarda bu problem daha kəskin şəkildə özünü göstərir, müəssisədə natəmizlik olur. Bu üzdən problemlə əlaqədar bir neçə dəfə müəssisə rəhbərliyinə müraciət edib. Hətta media vasitəsilə də cəzaçəkmə müəssisəsində susuzluğun fəsadlarını gündəmə gətirib.

Taleh Bağırzadə bildirib ki, günlərdir, cəzaçəkmə müəssisəsində su yoxdur, antisanitariya vəziyyəti yaranıb, ətrafı üfunət bürüyüb. O da mayın 8-də səhər saatlarında bu duruma etiraz edib. İlahiyyatçı bildirib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi problemi həll etmək əvəzinə, onu dilə gətirənləri cəzalandırmaq qərarı verib:

Oradakı əməliyyatçılar – Əziz Tağıyevin başçılıq etdiyi dəstə insanlara amansız işgəncələr verib”.

Həbsxana
Foto: Azadlıq.org

Taleh Bağırzadənin bildirdiyinə görə, mayın 8-də səhər etirazını bildirəndən sonra onu və müəssisədə saxlanılan Rəfael adlı başqa bir inanclını rəhbərlik danışıqlara dəvət edib. Onlar rəhbərliklə danışıqlar apardığı müddətdə 4 nəfər inanclı – Kamran Hüseynli, Rasim Məsiyev, Fuad Əsgərov və Rafiq Şahverdiyevi cəzalandırıblar:

“Əməliyyatçı Cavid Səfərov əvvəl onları müəssisədə qarşıdurma yaratmaqda ittiham edib. Ardınca onların dördünü də cəza otağına gətirdib, təhqir edib və onlara dəhşətli işgəncələr verib. Cavid Səfərov onlara deyib ki, Hacı Talehin növbəti etirazına cavab daha sərt olacaq. İşgəncə görən gənclərdən biri buraxılsa da, qalan 3 nəfər işgəncə otağında saxlanılıb”.

Müsəlman Birliyi Hərəkatı vurğulayıb ki, işgəncələrə rəhbərlik edən Əziz Tağıyev Taleh Bağırzadəni ölümlə hədələyib. Təşkilat bəyan edib ki, müəssisədə məhbuslara qarşı bu cür davranış onların həyatı və sağlamlığına ciddi təhlükə olduğunu deməyə əsas verir:

“Özbaşnalıqların yaşandığı cəzaçəkmə müəssisələrində saysız-hesabsız işgəncə faktlarıyla yanaşı, qətl halları da həbsxanalarda məhbusların təhlükəsiz olmadığını göstərir. Əziz Tağıyev kimi işçinin Taleh Bağırzadəni ölümlə təhdid etməsi isə bu vəziyyətdə daha təhlükəli həyəcan təbili çalmağa əsas verir”.

Taleh Bağırzadə. Foto: Meydan TV

Hərəkat Ombudsman Aparatı da daxil olmaqla, bir sıra yerli və beynəlxalq qurumlara müraciət ünvanlayaraq, onları cəzaçəkmə müəssisələrində yaşananlara diqqət yetirməyə çağırıb:

“Onsuz da günahsız məhbəs həyatı yaşayan şəxslərin həyatına olan təhlükələr araşdırılsın, günahkarlar cəzalandırılsın…”.

12 saylı cəzaçəkmə müəssisəsində su problemi və məhbuslara işgəncə verilməsilə bağlı deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bundan öncə də sözügedən müəssisədə işgəncə hallarıyla bağlı dəfələrlə şikayətlər olub. Bir müddət öncə müəssisədə saxlanılan məhkumlar kütləvi şəkildə Prezident İlham Əliyevə müraciət ünvanlayaraq, orada vəziyyətin dözülməz olduğunu, korrupsiya və işgəncə hallarının geniş yayıldığını bildirmişdilər.

Penitensiar Xidmət (PX). Foto: PX

O zaman Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi oradakı qanunsuzluqlar barədə deyilənləri təkzib etmişdi. Bildirilmişdi ki, 12 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimlidir, orada dəfələrlə məhkum olunmuş və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər cəza çəkir:

“Onlarla işləmək kifayət qədər ağırdır və psixoloji cəhətdən peşəkar olmaq lazımdır”.

2015-ci ilin noyabrından Nardaran hadisələri zamanı həbs olunan Taleh Bağırzadə 20 il azadlıqdan məhrum edilib. O, polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

İlahiyyatçı bildirib ki, Nardaran əməliyyatı zamanı qətlə yetirilən 4 nəfər yerli sakin və 2 polisin ölümünə görə məsuliyyət əməliyyatı keçirən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) üzərindədir. İlahiyyatçının sözlərinə görə, onlarda ümumiyyətlə, silah olmayıb və dinc şəkildə evdə olduqları halda, polislər silahlı hücum edərək, 6 nəfəri özləri öldürüb, qalanları da tutub aparıblar.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Foto: Azərtac

Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunanlar istər saxlanılıb “bandotdel”ə aparılanda, istərsə də günlərlə idarədə saxlandıqları müddətdə ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Lakin Daxili İşlər Nazirliyi işgəncə iddialarını rədd edir.

Taleh Bağırzadə ona verilmiş 20 illik cəzanın 7 ilini Qobustan həbsxanasında çəkib.
Hazırda Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyinin 70-dən çox üzvü həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Ana səhifəSiyasət12 saylı cəzaçəkmə müəssisəsində dini inanclıların işgəncəyə məruz qaldığı bildirilir