close

2022-ci ildə Azərbaycan ədəbiyyatı: tərəqqi, yoxsa tənəzzül?..

Azərbaycanda ədəbiyyat. Foto: Aleksandar Mijatovic/shutterstock

Rasim Qaraca: “Ədəbiyyat sektoru tənəzzüldədir, çünki təşəbbüslər dəstəklənmir”

2022-ci il yekunlaşmaq üzrədir.

Bu il Azərbaycan ədəbiyyatında hansı əlamətdar hadisələrlə yadda qaldı, nələr yaşandı?

Bu sahədə ilin yaddaqalan hadisəsi kimi, əsasən, 2022-ci ilin əvvəlində Vergi Məcəlləsinə edilən dəyişikliyi nəzərdə tuturlar.

Dəyişiklikdən sonra Azərbaycanda kağız və kitab 18 faiz Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunub.

Düzdür, qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minməli idi, lakin Nazirlər Kabineti qanunu 5 ay sonra təsdiqlədi.

2022-ci il daha çox kitab sərgiləri ilə yadda qaldı.

Müxtəlif dövrlərdə keçirilən Milli Kitab və Bakı Beynəlxalq Kitab Sərgiləri idi.

Bu ilin qalmaqallı ədəbi hadisəsi isə Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı oldu.

AYB-nin qurultayı. Foto: Meydan TV

Dövlət tərəfindən Mədəniyyət Nazirliyi vasitəsilə hesabına 203,6 min manat köçürülmüş AYB-nin qurultayından heç də hamı razı qalmadı.

Namizədliklərini irəli sürmüş yazıçılar səsvermədən narazı qaldılar.

Qurultayın daha çox müzakirə mövzusuna çevrilən hadisələrindən biri də Birliyin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayevin jurnalistə verdiyi sərt cavab oldu.

Azad yazarlar isə qurultayı “tamaşa” adlandırdılar.

Ədəbi mühitdə baş verən pis və ya yaxşı hadisələr yazarların gözündə…

Şair Elnur Astanbəyli hesab edir ki, son illər, xüsusilə də 2022-c ildə ədəbi mühitdə durğunluq, süstlük hökm sürür:

“Arxada qoyduğumuz ildə anti-ədəbiyyatın daha çox ön plana çıxdığını gördük. Azərbaycanda ədəiyyatı vahid əldə cəmləşdirən, bir növ ədəbiyyat nazirliyi funksiyasını yerinə yetirən Yazıçılar Birliyinin tragikomik qurultayının şahidi olduq. Bu, eyni zamanda Azərbaycanda əslində ədəbiyyatın deyil, anti-ədəbiyyatın meydanının genişləndiyini göstərirdi”.

Yazar deyir ki, bu il müxtəlif yazarların fərdi uğurlarını çıxmaq şərtilə Azərbaycanda, hələ ki, ədəbiyyat adına nələrdənsə danışmaq mümkün deyil:

“Gedişat da onu göstərir ki, yaxın illərdə də biz bunu müşahidə edə bilməyəcəyik. Əslində, Azərbaycanda hər bir sahədəki durğunluğun, böhranın başlıca səbəblərindən biri azadlıqların, alternativlərin zəif olmasıdır. Azərbaycanda ədəbi mühiti canlandırmaq üçün alternativ ədəbi təşkilatların, qurumların meydana çıxması gərəkdir”.

Elnur Astanbəyli
Source: Meydan TV

Elnur Astanbəyli xatırladır ki, Azərbaycan Yazıçılar Birliyinə (AYB) alternativ Azad Yazarlar Ocağı (AYO), müxtəlif ədəbi dərgilər, fərqli ədəbiyyat qəzetləri vardı. Məhz bunların sahəsində Azərbaycan ədəbiyyatında canlanma olurdu:

“İndi məhz azadlıqların olmaması, hökumətin digər sahələrdə olduğu kimi ədəbiyyatda da hər şeyi bir əldə, yəni ədəbiyyat nazirliyi deyə biləcəyimiz Yazıçılar Birliyində cəmləşdirməsi, bu sahəyə sükunət, durğunluq, səssizlik, passivlik gətirib. Ədəbi proses yoxdursa, təəssüf ki, ədəbi hadisə də çətin baş verir”.

Yazar Rasim Qaracanın fikrincə, 2022-ci ildə mühüm ədəbi hadisələrin sayı az olub:

“Təəssüf ki bu hadisələr efemer xarakterli olur, ictimai rəy tərəfindən dəstəklənmir, yazıçılar öz oxucularından aktiv geri dönüşə nail ola bilmir. Çünki yazıçını izləyən, onu motivə edən səviyyəli oxucu təbəqəsi yox deyəcək qədər azdır. Yük düşür yazıçının öz çiyinlərinə, imkanları daxilində əsərini reklam edir, paylaşır, ən yaxşı halda bütün tirajı satıb qurtarır və qoyduğu “mayanı” artıqlamasıyla çıxarır. Bununla da missiyasının tamamlamış sayır. Ancaq ədəbiyyatımızın durğun mənzərəsində bu “hadisə” heç bir titrəşmə yaratmır. Bu mənada deyərdim ki, ədəbiyyatımızda hadisə baş vermir”.

Rasim Qaraca
Foto: Rasim Qaracanın şəxsi arxivindən

Rasim Qaraca deyir ki, Azərbaycanda ədəbiyyat sektoru tənəzzüldədir, çünki ədəbi mükafatlar, jurnallar yoxdur, təşəbbüslər dəstəklənmir:

“Prosesi canlandıra biləcək açarlar işləmir, bürokratik maneələr də burada həlledici rol oynayır. İstedadlı yazıçılar var, yetişir, özlərini bəyan edir, bir müddət öz yağında qovrulur, nəticədə boz axına təslim olur və ədəbi dəyər yaratmaq funksiyasını itirir. Çıxış yolunu onda görürəm ki, dövlət mədəniyyət siyasətini dəyişməlidir. Mədəniyyət mərkəzdə, siyasət, iqtisadiyyat onun ətrafında olmalıdır. Sovet dövründəki kimi, ədəbiyyat siyasi hakimiyyətin “təkərciyi və vintciyi” olmamalıdır tezisi tarixin zibilliyinə gömülməlidir. Bürokratik əngəllər aradan götürülməli, yazıçı birliklərinin qeydiyyatdan keçməsi asanlaşdırılmalıdır”.

“Qanun” Nəşrlər Evinin rəhbəri, tərcüməçi-yazar Şahbaz Xuduoğlu düşünür ki, 2022-ci ildə ədəbiyyatda əlamətdar hadisələr baş verib:

“Bunlar əsasən, tədbirlərlə əlaqədar oldu. Milli Kitab Sərgisi keçirildi. İllərdir, evdən bayıra çıxmayan yazıçı Əkrəm Əylisli Milli Kitab sərgisinin qonağı oldu. Mətbuatın önünə gəldi, suallara cavab verdi. Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Hər halda Yazıçılar Birliyinin qurultayını da qeyd etmək lazımdır. Bu da “yazıçı” sözünü mətbuatın gündəmində saxladı”.

Naşir həmçinin qeyd edir ki, 2022-ci ildə Mədəniyyət Nazirliyi ilk dəfə olaraq nəşriyyatlardan kitablar alıb, kitabxanalara paylayıb. Həmçinin Elm və Təhsil Nazirliyi də məktəbli kitabxanaları üçün bədii ədəbiyyatlar alıb.

Bütün bunları ədəbiyyat sahəsi üçün mütərəqqi addm hesab etmək olar: “İlin başlağıcında kitaba qoyulmuş 18 faiz əlavə dəyər vergisi ləğv olundu. Hər hansı bir kitabın yayımına qadağa qoyulmadı. Yaxşı-pis, hər halda, bunlar yaxşılaşmağa doğru böyük bir addım dəyərləndirirəm”.

Şahbaz Xuduoğlu
Foto: Meydan TV

Şahbaz Xuduoğlu deyir ki, Rusiyanın Ukraynada başlatdığı müharibə ədəbiyyat sektorunda da təsirsiz ötüşməyib. Kağızın qiyməti sürətlə qalxıb.

Kitab nəşri ilə məşğul olan orqanların işinə mənfi təsir edir, çünki nəşriyyatlar kağızı xaricdən alır. Kağız üzərindən 14 faiz dövlət rüsumu hələ də qalmaqdadır:

“Bu ilin əvvəlində kağızın 1 tonu 1350-1380 dollara olduğu halda hazırda qiymət 2000 dollara yüksəlib. Bundan başqa, Çindən gələn kağızın qiymətləri, transport xərcləri ikiqat artdı. O cümlədən, biz elə ümid edirdik ki, gələn kağızların üzərindən rüsum da götürəcək. Çünki ilkin danışıqlarda bu var idi. Amma təəssüflər olsun ki, kitab kağızı üzərindən 14 faiz dövlət rüsumu hələ də qalmaqdadır. Kağızı da elə xaricdən alırıq. Bu da istər-istəməz kitabın qiymətini baha edir. Hər halda, mən belə başa düşürəm ki, bu il kitab sahəsində daha çox yaxşı hadisələr baş verdi”.

Ana səhifəMədəniyyət2022-ci ildə Azərbaycan ədəbiyyatı: tərəqqi, yoxsa tənəzzül?..