close

2022-ci ilin yekunu: Teatr üçün ayrılan büdcənin necə xərclənməsi bəlli olmadı

Foto: Azərtac

Bu il narazılıqlar, festivallar, yeni tamaşalarla yadda qaldı

2022-ci il Azərbaycan teatrında premyeralarla, festivallarla, qastrollarla, eyni zamanda da kulis söhbətləri, teatrda baş verən hansısa narazılıqlar, umu-küsülərlə də yadda qaldı.

İlin uğurlu hesab ediləcək teatr hadisələri ilə yanaşı, xoşagəlməz məqamlar da oldu.

Sumqayıt Dövlət Dram Teatrının aktyorları maaşların az olması şikayəti ilə sabiq mədəniyyət naziri Anar Kərimova müraciət etdilər.

İlin müzakirə olunan teatr problemləri arasında Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatrlarda kadr çatışmazlığı məsələsi də vardı.

Mədəniyyət Nazirliyi tərəfindən Kukla Teatrında yoxlamaların aparılması ilə bağlı xəbərlər də mətbuatda yer aldı.

Maliyyə naziri Samir Şərifov çıxışında Mədəniyyət Nazirliyindəki korrupsiya hallarına işarə vuraraq, teatra ayrılan pullara ciddi nəzarət olunması fikri ilə çıxış etdi.

Nazir dedi ki, 2023-cü il dövlət büdcəsindən teatra pul ayrılacaq. Lakin həmin pulların necə və hara xərclənməsinə nəzarəti gücləndirmək lazmdır.

Samir Şərifov
Foto: Meydan TV

Əvvəlki illərdə olduğu kimi, bu il də dövlət sifarişli tamaşaların hansı meyarlar əsasında verilməsi, əsərlərin kimlər tərəfindən və necə seçilməsi barədə məlumatlara rast gəlinmədi. Teatr üçün ayrılan büdcənin necə xərclənməsi bəlli olmadı. Nazirliyin teatr şöbəsinin bu barədə hesabatı olmadı. Bilinmədi ki, dövlət sifarişli tamaşalar teatrlar arasında hansı prinsiplə bölüşdürülüb.

Teatrşünaslar isə daha nikbindir. Onlar hesab edirlər ki, 2022-ci il Azərbaycan teatrı üçün intensiv olub. Ölkədə bir neçə festivallar keçirilib.

Teatr tənqidçisi Elçin Cəfərov bitməkdə olan il ərzində keçirilən festivalların milli teatra canlanma gətirdiyi qənaətindədir:

“4.4 Qısa Tamaşalar Festivalı keçirildi. İkinci dəfə keçirilən festival bu dəfə daha geniş miqyasda təşkil olundu. Builki festival beynəlxalq xarakter daşıdı. Xarici ölkələrdən qırxa yaxın teatr mütəxəssisləri gəldi. Hətta xarici ölkələrin 4-5 mətbu orqanlarında, kifayət qədər nüfuzlu nəşrlərdə Azərbaycan teatrı haqqında – uğurları, problemləri, o cümlədən, festival haqqında yazılar getdi. Düşünürəm ki, bu, olduqca əlamətdardır”.

Elçin Cəfərov. Foto: “sputnik”

Teatrşünas deyir ki, Azərbaycan teatrı yalnız postsovet məkanının və yaxud türkdilli ölkələrin coğrafi arealında yox, daha geniş miqyasda təbliğ olunmalı, tanınmalıdır. Bunun üçün də festivalların keçirilməsi vacibdir:

“Bu baxımdan 4.4 Qısa Tamaşalar Festivalında Almaniyadan, Polşadan, İngiltərədən, Rusiyadan teatr mütəxəssisləri gəlmişdi. Hesab edirəm ki, 2022-ci ilin ən önəmli teatr hadisəsi 4.4 Qısa Tamaşalar Festivalı oldu. Ardınca da Teatr Xadimləri İttifaqı “Milli klassika” adlı bir festival keçirdi. Səviyyəsindən, əhatə dairəsindən və yaxud da statusundan asılı olmayaraq, festivallar teatrın inkişafı üçün olduqca əhəmiyyətlidir”.

Elçin Cəfərov bu il təqdim olunan və özünün uğurlu hesab etdiyi tamaşalardan da danışıb.

Bunlar “Kod adı V.X.A” (müəllif və quruluşçu rejissor Mehriban Ələkbərzadə, Gənc Tamaşaçılar Teatrı), “Casus” (müəllif Kamal Abdulla, quruluşçu rejissor Anar Babalı, Lənkəran Dövlət Dram Teatrı), “Poni” (müəllif Murat Kolqanat, quruluşçu rejissor Əliyar Əliyev, Qusar Dövlət Ləgzi Dram Teatr), “Kral ölür” (müəllif Ejen İonesko, quruluşçu rejissor Tural Mustafayev, Gəncə Dövlət Dram Teatrı) tamaşalarıdır.

“Ümumiyyətlə, nəticələrindən asılı olmayaraq, bu il Azərbaycan teatrı aktiv teatr prosesinə can atırdı. Həmişəki, uzun zamandır görməyə adət etdiyimiz imitasiyalardan kənarlaşmağa çalışırdı. Yaxşı tamaşalarla yanaşı, kifayət qədər zəif tamaşalar da oldu. Lakin ümumilikdə baş verən teatr proseslərini uğurlu hesab edirəm”, – teatrşünas deyib.

Teatrşünas Vidadi Qafarov da 2022-ci ili teatr sahəsində festivallar ili hesab edir. Deyir ki, pandemiyadan sonra ölkədə keçirilən teatr festivalları bu sahəyə canlanma gətirib.

“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Pillə” Tələbə Tamaşaları Festivalı, Teatr Xadimləri İttifaqında “Milli klassika” Festivalı və 4.4 Qısa Tamaşalar Festivalı keçirildi. Bu festivallar milli teatrın inkişafında, ümumi teatr prosesinin canlanmasında xüsusi rol oynadı”, – teatrşünas bidilrib:

Vidadi Qafarov
Vidadi Qafaro. Foto: https://teatro.az/

“İl ərzində uğurlu tamaşalarla da yadda qaldı. Teatr prosesinə rəng qatan yeni bir ab-hava kimi gələn tamaşalar da oldu. Ümumi teatr prosesi öz kadr siyasəti ilə də yadda qaldı. Baş verən prosesləri də Azərbaycan Teatrının yenilənməsi cəhdələri kimi qiymətləndirmək olar”.

Xalq artisti, müstəqil “M” Teatrının bədii rəhbəri, aktyor Vidadi Həsənov üçün ən vacib teatr hadisəsi “Teatr baharı” I Müstəqil Teatrlar Festivalıdır:

“Bu, Azərbaycan teatr tarixində bir ilk idi. Festival zamanı məlum oldu ki, Bakı şəhərində 17-yə yaxın müstəqil teatr var. Düzdür, onların hamısı şərti müstəqildir. Çünki əksəriyyətinin binası, özünü dolandırmaq üçün büdcəsi yoxdur. İstənilən ölkə iqtisadiyyatında, dövlətlə yanaşı özəl varsa, orada inkişaf, rəqabət də olur. Biz də düşünürük ki, bu, Azərbaycan teatr məkanında müstəqil teatrların olması çox maraqlı faktdır. Yəqin ki, onlar gələcəkdə daha da inkişaf edəcək”.

Vidadi Həsənov. Foto: oxu.az

Vidadi Həsənov deyir ki, festival çərçivəsində keçirilən tamaşaların auditoriyası geniş olub:

“17 teatr öz tamaşasını göstərdi. Tamaşalar anşlaqla keçdi. İnsanlar doğrudan da çox böyük maraq göstərdilər. Deyirlər ki, teatra gedən yoxdur. Teatra gedən kifayət qədər insan var. Rəhbərlik etdiyim teatrın biletləri digərlərilə müqayisədə bahadır. Biletlər 10-15-20 manatdır. İnsanlar bu qədər pulu verib, tamaşaya gəlirlər və baxırlar. Azərbaycanın məşhur futbolçularından tutmuş, filosoflarına qədər tamaşalara baxmağa gələnlər var. Bəs niyə deyirik ki, teatr yoxdur? “Teatr yoxdur”, – deyən insanlar bir az düşünməlidirlər”.

ADO
Foto: ADO

ADO (Azərbaycan Dağınıq Oda Teatrı) teatrının rəhbəri, aktyor Elmin Bədəlov isə hesab edir ki, 2022-ci ildə Azərbaycanda mühüm teatr hadisəsi baş vermədi:

“2022-ci ildə mədəniyyət nazirlərinin yerini dəyişməkdən başqa nə oldu? Əksinə, belə desək, toplananların yeri dəyişdi. Mənim üçün festivallar teatr demək deyil. Ya hökumət dəyişməlidir, ya da hökumətin teatra yanaşması. Yanaşma dəyişdiyi halda, teatra azadlıq gələr və Azərbaycan teatrı yaranar. Hazırkı teatr isə sovet teatrının qalıqlarının dekonstruksiyasıdır”.

Ana səhifəMədəniyyət2022-ci ilin yekunu: Teatr üçün ayrılan büdcənin necə xərclənməsi bəlli olmadı