Binəqədi rayon sakinləri yaşadıqları binada qaz-su-işıq xidmətlərindən məhrumdurlar.
“Məhkəmə məktub göndərib ki, bu ünvanda su, işıq, qaz var, yoxsa yoxdur? Bizə cavab verilib ki, bu ünvanda su, işıq, qaz qanuni yoxdur!”
İcra hakimiyyətindən məhkəməyə qədər qapı-qapı gəzən şikayətçilər son çarə olaraq ölkə başçısına üz tutublar. Prezident Administrasiyasında qəbula gələn vətəndaşlar yaşayış çətinliklərindən danışır.
“Mən iki gündən bir 20 litrlik bidonlarla su alıram. Qaldırıram 4-cü mərtəbəyə. 32 manata qaz balonu doldururuq. Maddi cəhətini demirəm, onun ağırlığını təsəvvür edin. Onu qaldırırıq yuxarı, qoyuruq eyvana. O da uşaqlı evdə bir həftə gedir, ya getmir”-bina sakini Nərminə Mustafayeva deyir.
Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində yerləşən 4 mərtəbəli binanın mənzilləri 2018-ci ildən satılır. Sakinlər binanı Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovdan aldıqlarını deyirlər. İlk vaxtlar kommunal xətlərin çəkiləcəyi ilə bağlı vədlər verən Zeynalov indi onlara cavab vermir.
“Qeyri-əhali üçün işıqdır. 11-13 qəpikdən qanunsuz şəkildə hesablanır. Mənim evimdə heç bir sayğac yoxdur. Su ümumiyyətlə oğurluq işlənir. “Azərsu” 5-6 dəfə gəldi kəsdi, biz yenə caladıq. Axırda onlar kəsməkdən bezdi, biz yenə calayıb işlədirik. Qaz ümumiyyətlə yoxdur. Bizim vəziyyətimiz budur. Qabaqdan da qış gəlir. Bu işlərin axırı necə olacaq, bilmirik. Kimə müraciət ediriksə, deyir, get, Vüqardan tələb elə. Biz Vüqara deyəndə, o da deyir ki, get, əlin hara çatırsa, ora müraciət elə”.
“Dəfələrlə Asan Kommunala müraciət etmişik. Bizə fərdi şəkildə texniki şərt vermirlər. Bildirirlər ki, bina sahibi özü yaxınlaşmalıdır. Biz də Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalova deyirik ki, bizə işıq, su, qaz lazımdır. Siz müraciət edin, çəkdirin bunu. Bizə deyir ki, gedin, ürəyiniz hara istəyirsə, şikayət edin”.
Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov binanın özünə yox, əmisi oğlu Elşad Zeynalova məxsus olduğunu deyir. Zeynalovlar məsələyə aydınlıq gətirərkən bildirir ki, kommunal idarələr binaya qaz, su, işığın verilişi üçün istismar aktını (texniki şərti) vermir.
“Sakinlərin şikayəti elə bizim də şikayətimizdir. Biz məhkəmənin qərarı ilə 22 apeldən hər üç quruma müraciət etmişik. Mən Elşada kömək etdiyim üçün bunları bilirəm. Nə “Azəriqaz”, nə “Azərişıq”, nə də “Azərsu” rəsmi şəkildə müraciətə cavab verməyib”, – Vüqar Zeynalov bildirir.
“Azəriqaz” ASC-nin nümayəndəsi isə deyir ki, bina texniki şərtlərə cavab vermir. Bu səbəbdən, qaz xəttinin çəkilməsi qanunauyğun deyil.
Prezident Adminstrasiyasının qəbul şöbəsində olan vətəndaşlara məsələni hüquq-mühafizə orqanlarının həll etməli olduğu deyilib. Aldıqları mənzillərdə rahatlıq tapa bilməyən sakinlər isə daha öncə Binəqədi Rayon Məhkəməsinə də üz tutublar, nəticə isə dəyişməyib.
“Hətta məhkəməyə də müraciət etmişik. Məhkəmədə Vüqar müəllim kiməsə zəng edir. Xahiş, minnət edir, əlaqələrini qurur. Onların tərəfinə qərar verilir”, -bina sakini deyir.