close

4 gün öncə azadlığa çıxan ictimai fəal yenidən həbs təhlükəsilə üzləşdiyini deyir

Foto: Əmrah Təhməzovun şəxsi arxivindən

Əmrah Təhməzov: “Bunlar məni təqib edir, ya narkotik, ya adam bıçaqlama, ya da başqa nəsə ilə şərləmək istəyirlər”

İctimai fəal Əmrah Təhməzov şərlənib həbs olunmaq təhlükəsilə üzləşdiyini deyir. Bu barədə məlumat verən ictimai fəalın sözlərinə görə, oktyabrın 24-də səhər saatlarında Bərdə rayonunda yaşadıqları evə polislər gəlib.

“Səhər tezdən Bərdədə həyətimizin darvazası möhkəm döyüldü. Qapının səsinə yuxudan ayıldım. Tez həyətə qaçanda səslərindən bildim ki, polisdən gəliblər, qapını dayanmadan döyürlər. Tez həyətin arxasından divardan aşıb qaçanda gördüm ki, onlar da divardan aşıb qapını açıb həyətə soxuldular. Güc-bəla ilə qaçıb canımı qurtardım.

Bütün dostlardan xahiş edirəm, mənə dəstək olun. Bunlar məni təqib edir, ya narkotik, ya adam bıçaqlama, ya da başqa nəsə ilə şərləmək istəyirlər. Dəstəyinizə çox ehtiyacım var…”, – Əmrah Təhməzovun sözləridir.

İctimai fəalın həbs təhlükəsi haqda dediklərinə Daxili İşlər Nazirliyi reaksiya verməyib.

Polislərin Təhməzovun evinə getməsi məsələsinə gəlincə, qurumun mətbuat xidmətinin regional qrupundan iddialar təkzib edilib.

Əmrah Təhməzov oktyabrın 20-də 1 aylıq inzibati həbsdən sonra azadlığa buraxılıb. O, iki gün öncə “2×2” sosial platformasına müsahibəsində həbsdə olduğu müddətdə Bərdə Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindəki şərait haqda danışmışdı. Şəraitin dözülməz olduğunu vurğulayan ictimai fəal, eyni zamanda, valideynlərindən alınan bir sıra əşyaların ona çatdırılmamasından, ailə üzvlərilə telefon danışığına imkan verilməməsindən və s. problemlərdən bəhs etmişdi.

Əmrah Təhməzova sentyabrın 20-də Bərdə rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbs cəzası verilmişdi. Qərara əsasən, ictimai fəal sosial media hesabında müharibə əleyhinə paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılmışdı.

Əmrah Təhməzov bir gün əvvəl – sentyabrın 19-da da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmışdı. Bu barədə o, “Facebook” səhifəsində məlumat yaymışdı.

İctimai fəal Əmrah Təhməzova 2023-cü ilin mayında da polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilmişdi. Lakin o, bu ittihamın saxta olduğunu, “Facebook” hesabındakı paylaşımlarına görə cəzalandırıldığını bildirmişdi.

Ana səhifəSiyasət4 gün öncə azadlığa çıxan ictimai fəal yenidən həbs təhlükəsilə üzləşdiyini deyir