close

59 siyasi partiya, yeni qanun, özünü buraxanlar və siyasi meydan

Siyasi tribuna. Foto: Niyazz/shutterstock

“Ölkə bir ideologiya üzərində oturdulacaq”

Mart ayında Azərbaycanda 6 siyasi partiya fəaliyyətini dayandırdığını açıqlayıb.

Sosial Rifah (SRP), Azərbaycan Naminə Alyans (ANAP), Təkamül, Birlik, Azad Respublikaçılar və Milli Vəhdət partiyaları hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Fəaliyyətlərini dayandıran siyasi partiyaların yaydıqları bəyanatlar arasında ciddi fərq yoxdur. Əsasən qeyd olunur ki, beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzu artıb, daxili siyasətdə əhalinin sosial rifahı strateji prioritet kimi bəyan edilib, ölkənin ərazi bütövlüyü bərpa olunub. Ona görə də partiya özünü buraxır.

Ancaq adları çəkilən siyasi təşkilatlardan fərqli olaraq yanvarın 12-də mərkəzi icra strukturları buraxan Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) səbəb kimi dövlət başçısı İlham Əliyevin 1 gün əvvəl imzaladığı “Siyasi partiyalar haqqında” Qanunu göstərib.

Mənbə: Azərbaycan Demokratiya və Rifah Partiyası

Partiyanın sədri Qubad İbadoğlu bildirib ki, mürtəce “Siyasi partiyalar haqqında” Qanunun fundamental azadlıqlara zidd olan 4.7.-ci maddəsinə görə siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Q.İbadoğlu deyib ki, Prezident Adminstrasiyasının göstərişi ilə Ədliyyə Nazirliyi ADR Partiyasının dövlət qeydiyyatına alınmasından 4 dəfə imtina edib.

Özünü buraxan təşkilatlar…

Özlərini buraxan partiyaların sədrlərinin əksəriyyəti ötən illərdə deputat, yaxud prezidentliyə namizəd də olublar.

1994-cü ildə qeydiyyata alınan Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində iştirak etsə də, mandat qazana bilməyib. Yalnız 2001-ci ildə əlavə seçkilərdə 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat mandatı alıb.

1995-ci ildə qeydə alınan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı 2000-2020-ci illərdə Milli Məclisin deputatı olub.

2020-ci ildən partiyaya onun qızı Əsli Kazımova rəhbərlik edib. Xanhüseyn Kazımlı 2020-ci il parlament seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən qızı Əsli Kazımovanın namizədliyini irəli sürüb. Ancaq Mərkəzi Seçki Komissiyası dairədə keçirilən seçkilərin nəticələrini ləğv edib.

2002-ci ildə rəsmi dövlət qeydiyyatına alınan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov 2005, 2010, 2015 və 2020-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə, 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edib, amma uğur qazanmayıb.

Azərbaycan Təkamül Partiyası (ATP) 1995-ci ildə təsis edilsə də, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Teyyub Qənioğlu bir neçə dəfə parlament seçkilərinə qatılsa da, nəticə əldə etməyib.

Ədliyyə Nazirliyi. Foto: https://www.justice.gov.az/

Fəaliyyətini dayandıran Birlik Partiyası isə 1992-ci ildə dövlət qeydiyyatına alınıb.

30 illik fəaliyəti dövründə ciddi təsir imkanları olmayan Birlik Partiyasının sədri Xudu Xudiyev martın 9-da partiyanın fəaliyyətini dayandırdığını elan edib.

Ədliyyə Nazirliyində 2002-ci ildə qeydiyyatdan keçmiş Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz martın 28-də fəaliyyətlərini dayandırdığı haqda bəyanat yayıb.

Y.Oğuz 2003-cü il seçkilərinə qatılsa da, seçki marafonunun gedişində hakim partiyanın namizədi İlham Əliyevin xeyrinə güzəştə gedib.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edəndən sonra daxili və xarici etirazlara rəğmən Prezident İlham Əliyev bu ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər biri haqqında müvafiq nazirliyə məlumat verilməsi xüsusi yer tutur. Yalnız bu tələblər yerinə yetirildikdən sonra Ədliyyə Naziliyi partiyanı qeydiyyata alacaq.

Qeydiyyatdan keçmiş 59 siyasi partiya…

Mərkəzi Seçki Komissiyası Azərbaycanda 59 siyasi partiyanın qeydiyyatdan keçdiyini qeyd edir.
Onlardan 8-i 1992-ci ildə, 6-ı 1993-cü ildə, 3-ü 1994-cü ildə, 7-i 1995-ci ildə, 3-ü 1998-ci ildə, 3-ü 1999-cu ildə, 2-i 2000-ci ildə, 4-ü 2002-ci ildə, 8-i 2005-ci ildə, 2-i 2007-ci ildə, 2008, 2009, 2011-ci illərdə 1, 2020-ci ildə 7, 2021-ci ildə 2, ötən il isə 1 partiya qeydə alınıb.

MSK. Foto: “Trend.az”

Sədrsiz və fəaliyyətləri olmayan partiyalar

Ancaq siyahıda olan partiyaların fəaliyyətini izləyəndə onların bir çoxunun fəal olmadığı üzə çıxır. Məsələn, Kəndli Partiyasının sonuncu açıqlaması 2021-ci ilin avqustunda Qurban Bayramı ilə bağlı təbrikidir. Təəccüblüdür ki, Kəndli Partiyası son həftələrdə bölgələrdə su problemi ilə bağlı hansısa açıpqlama, yaxud bəyanat yaymayıb.

Tərəqqi Partiyasının sonuncu açıqlaması 2021-ci ilin yanvarın keçmiş sədr Çingiz Sadıqovun ölümünün 6 illiyi ilə bağlıdır. Partiya bu günə qədər yeni sədr seçməyib.

Yaxud Azərbaycan Vətənpərvərlər Partiyası ilə bağlı son məlumat  2021-ci ilin iyul ayında yayılıb. Belə adı olub, fəaliyyəti sezilməyən partiyaların sayını artırmaq olar.

Son illərdə Azərbaycan siyasi leksionunda “avtobus müxalifəti” ifadəsi işlək olub. Bu, Prezident Administrasiyasının təşkilatçılığı AXCP, Müsavat istisna olmaqla, qeydiyyatdan keçən partiya sədrlərinin işğaldan azad olunan rayonlara səfər etmələrindən sonra gündəmə gəldi.

Ardınca administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrlərinin qayğıları ilə maraqlandığı, onların rastlaşdığı problemləri aradan qaldırması barədə rəsmi informasiyalar yayıldı.

Prezident Administrasiyası. Foto: Ovchinnikova Irina/shutterstock

“Partiyaların fəaliyyətlərinə xitam verməsi idarə olunan prosesdir”

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Hafiz Həsənov Meydan TV-yə deyib ki, partiyaların fəaliyyətlərinə xitam verməsi idarə olunan prosesdir, burada hüquqi yox, siyasi məsələ var.

Hafiz Həsənovun qənaətincə, hakimiyyət siyasi partiyaların sayını azaltmaq istəyir:

“İyunda qanunun qəbulunun 180 günü tamam olacaq, o zaman partiyaların fəaliyyəti dayandırılacaq. Beləliklə, hökumət az sayda partiya saxlayacaq. Bir tərəfdən hökumət onun siyasətini dəstəkləyən formal partiyaların sayını azaldır, digər tərəfdən də müstəqil, müxalif partiyaların fəaliyyətinə imkan verməyəcək. Bununla da Azərbaycanda birləşmək azadlıqları, siyasi plüralizm və çoxpartiyalılıq sahəsində böyük problemlər yaranacaq. Əslində, aparılan siyasətlə ideyaların rəqabəti aradan qalxacaq, ölkə bir ideologiya üzərində oturdulacaq”.

O, yeni “Siyasi partiyalar haqqında” Qanununa ehtiyac görmədiyini, 1992-ci ildəki qanunla da partiyaların fəaliyyətin tənzimlənməsini mümkün hesab edib:

Siyasi partiyaların fəaliyyətində tənzimlənəsi elə bir problem yox idi ki, 1992-ci ildəki qanun onu tənzimləməsin. Əslində, siyasi partiyaların əsas problemi praktik olaraq qeydiyyat məsələsi idi. Hüquqi baxımdan əvvəlki qanun o qədər də məhdudiyyət yaratmasa da, qanunun düzgün tətbiq edilməməsi nəticəsində müxalif, müstəqil partiyaların qeydiyyatında ciddi problemlər yaşanırdı. Həmçinin reyestr sənədləri ilə bağlı problemlər yaradılırdı. Məsələn, qurultayda partiyanın seçkili orqanları seçilirdi, amma Ədliyyə Nazirliyində onların qeydiyyatında süni problemlər yaradılırdı. Bu da son illərdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa əlavə edilən norma ilə bağlıydı. Yeni əlavəyə görə, əgər hüquqi şəxsin sənədlərində dəyişiklik qeydə alınmırsa, artıq onlar qüvvədə deyil. Tutaq ki, sədr seçilib, yeni qurumlar formalaşdırılıb, amma Ədliyyə Nazirliyi bunlarla bağlı sənədləri qeydə almayıbsa, adam partiya sədri adından danışa bilməzdi”.

Hafiz Həsənov. Mənbə: “Facebook”

Hafiz Həsənov yeni qanunun xeyli problemlər gətirdiyi qənaətindədir:

“İstər üzvlərin sayı, istərsə qeydiyyat prosedurunda ciddi problemlər var. Xüsusən də qanunda siyasi partiyalara dövlət nəzarəti gücləndirilib, həmçinin partiyaların fəaliyyətinin dayandırılması. Yəni dövlət müdaxilələri artıb. Qanunda açıq şəkildə yazılıb ki, qeydə alınmayan partiyaların fəaliyyətinə icazə verilməyəcək. Bu isə Azərbaycan Konstitusiyasına və qoşulduğumuz beynəlxalq konvensiyalara ziddir. Təsəvvür edin ki, hər dəfə üzvlərin reyestri aparılmalı və Ədliyyə Nazirliyinə məlumat verilməlidir. Necə ki seçkilərdə imzalar saxta çıxarılır, növbəti mərhələlərdə üzvlərlə bağlı oxşar problemlər yaradılacaq və 4500 üzv barədə məlumat verə bilməyən partiyanın fəaliyyəti avtomatik dayandırlacaq”.

Mövcud qanunla Azərbaycanda siyasi partiyaların varlığı sual altına düşür”

Seçki üzrə ekspert Anar Məmmədli hesab edir ki, fəaliyyətlərini dayandıran siyasi partiyalar hökumətin siyasətini dəstəkləməklə yadda qalıblar.

Anar Məmmədli deyir ki, cəmiyyət həmin partiyaların fəaliyyətində ciddi tendensiyanın şahidi olmayıb.

O, özlərini buraxan partiyaların bu addımını siyasi hakimiyyətlə razılaşdırıldığını düşünür:

Birinci səbəb bu ilin yanvarında ölkə başçısının təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Qanundur. Yeni qanun xeyli məhdudiyyətlər gətirib, məsələn, hüquqi normalar artıb, üzvlərin sayı ilə bağlı ildə bir neçə dəfə reyestr məlumatı vermək. Cəmiyyətdə siyasi nüfuzu və xüsusi iştirakı olmayan partiyalar üçün bu qanunla fəaliyyət göstərmək çətin olur. Beləliklə, “Siyasi partiyalar haqqında” Qanun mənfi mənada sözünü dedi”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Anar Məmmədlinin sözlərinə görə, mövcud qanunla Azərbaycanda siyasi partiyaların varlığı sual altına düşür:

Partiyalar məcburdur ki, qanunun ağırlaşdırcı müddəalarını özlərinə uyğunlaşdırsınlar. Əlbəttə, bu, yaxşı tendensiya deyil. Qanun insanların siyasi partiyalarda birləşmək azadlığını yersiz şəkildə məhdudlaşdırmamalıdır”.

Bundan sonra üzvlərin sayı az olan, kiçik partiyalar ya birləşəcəklər, yaxud fəaliyyətlərini dayandıracaqlar. Ümumiyyətlə, son illər siyasi partiyalar siyasi həyatda iştirak imkanını itiriblər. İstər seçkilər, istərsə də seçkilər arası dövrdə iştirakı onların hakimiyyətdə təmsil olunmasına şərait yaratmır. 30 ilə yaxındır ki, ölkədə bir siyasi qüvvə təkpartiyalı sistem yaradılıb və hər şeyə nəzarət edir, digər partiyaların rolu minimuma endirilib. Belə bir şəraitdə çoxpartiyalı siyasi sistemin imitasiyası ilə məşğuldurlar”, – deyə Məmmədli əlavə edib.

Ana səhifəSiyasət59 siyasi partiya, yeni qanun, özünü buraxanlar və siyasi meydan