close

Abid Qafarov: “Polis evimə basqın edib, kitablarım və sənədlərim müsadirə olunub”

Foto: Abid Qafarovun şəxsi arxivindən

Fəal qayınata və qayınanasının təzyiqə məruz qaldığını deyib, DİN münasibət bildirməyib

Hazırda mühacirətdə olan ictimai fəal Abid Qafarov aprelin 29-da Şüvəlandakı evinə mülki geyimli polislər tərəfindən basqın edildiyini bildirib.

Bu barədə Abid Qafarov “Facebook” səhifəsində paylaşım edib.

Abid Qafarovun yazdığına görə, yaşlı qayınatası Əlipənah Haşumova və qayınanasına təzyiqlər göstərilib:

Mülki geyimli polislər Şüvəlandakı evimdən müəllifi olduğum “Andaluniya” və “Mələyin Ölümü” kitablarını qanunsuz olaraq götürüblər. Həmçinin bir ədəd köhnə laptop, evin video yaddaş qurğusu, sənədlə sahibi olduğum “İJ” markalı stend atışı üçün nəzərdə tutulmuş tüfəngim və onun sənədi də götürülüb”.

Onun qayınatası Əlipənah Haşumov saxlanılsa da, sonradan sərbəst buraxıldığı bildirilir.

Aprelin 28-də Elmlər Akademiyası parkında “Oxu” kitab sərgisi zamanı Abid Qafarovun “Andaluniya” kitabı müsadirə olunub.

Kitabı satışa çıxaran Ruslan Fərzəliyev də saxlanılmışdı.

Ruslan Fərzəliyevin özü “Tərtər işi”ndə zərərçəkənlərdəndir.

Abid Qafarov həmin gün 42 kitabın müsadirə olunduğu barədə məlumat paylaşmışdı.

Daxili İşlər Nazirliyi bütün bu qeyd olunanlara münasibət bildirməyib.

Abid Qafarov 2022-ci ilin iyulunda həbs olunmuşdu.

O, bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə bir il azadlıqdan məhrum edilmişdi.

Müharibə veteranları A.Qafarovun “itaətkar” olmamaq və özbaşınalığa müqavimət göstərmək çağırışını təhqir hesab edirdilər. Amma Abid Qafarov həbsini “Tərtər işi”ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamı saymışdı.

O, 2023-cü ilin iyunun 1-də azadlığa buraxılıb, sonra ailəsi ilə birlikdə mühacirətə gedib.

2017-ci il mayın 1-dən başlayaraq, Tərtərdə 500-dən artıq zabit və əsgər işgəncələrə məruz qalıb.

Günlərlə davam edən işgəncələr nəticəsində 11 nəfər hərbçi ölüb, onlarla hərbçi sağlamlığını itirib.

Ana səhifəSiyasətAbid Qafarov: “Polis evimə basqın edib, kitablarım və sənədlərim müsadirə olunub”