close

ABŞ Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb edir

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

Dövlət Departamenti: “Bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”

Yanvarın 11-də Bayden administrasiyası siyasi məhbusların, o cümlədən azərbaycanlı Elçin Məmmədin azadlığa buraxılması üçün təşəbbüs irəli sürdüyünü elan edib.

Bu barədə “Turan” Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda deyilir ki, təşəbbüs günahsız yerə həbs olunan siyasi məbusları azad etmək məqsədi daşıyır.

Dövlət Departamentinin məlumatına görə, bütün dünyada siyasi məhbuslar heç bir səbəb olmadan saxlanılır, onların bir çoxu işgəncələrə, qeyri-insani şəraitə və pis rəftara məruz qalır:

“Bu təşəbbüsdə adı çəkilən insanlar dünyanın bütün regionlarında hökumətlər tərəfindən həbs olunan çoxsaylı siyasi məhbusların simvoludur. Bəziləri dinc etiraza çıxdığına,  korrupsiyanın ifşasına və ya tənqidi reportajlarına görə qisas almaq məqsədilə saxlanılır. Digərləri irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsi kimliyinə və ya LGBTQI+ olmasına görə təqib olunur, həbs edilir”.

“Bəzi hökumətlər dinc nümayişçiləri və ya hökuməti tənqid edənləri “terrorizm”, “ekstremizm”, “kibercinayətkarlıq”, “saxta xəbərlər” və ya “xuliqanlıq” kimi qondarma ittihamlarla təqib etmək üçün öz hüquq sistemlərindən sui-istifadə edir. Bir çox hökmlər müstəqil olmayan məhkəmələr tərəfindən çıxarılır, digərləri isə hüquqi müdafiə vasitələri olmadan keçirilir”, – deyə bəyanatda qeyd olunub.

Elçin Məmməd. Foto: screenshot

Dövlət Departamentinın adını xatırlatdığı 16 siyasi məhbusun arasında azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd də yer alıb.

“Ədliyyə sistemindən ədalətə nail olmaq üçün istifadə edilməlidir, insan haqlarını müdafiə edənləri cəzalandırmaq üçün yox. Elçin Məmməd və bütün digər siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”, – Dövlət Departamentinin məlumatında belə deyilir.

Bəyanatda ABŞ-ın dövlət katibi Entoni Blinkenin də çağırışı yer alıb:

“Biz bütün dünya hökumətlərini öz hüquqlarını dinc şəkildə həyata keçirdikləri üçün həbs edilənləri azad etməyə çağırırıq”.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri Elçin Məmməd 2020-ci ilin martından həbsdədir.

O, oğurluq və qanunsuz silah saxlama ittihamıyla 4 il azadlıqdan məhrum edilib.

Ancaq Elçin Məmməd ittihamları rədd edir.

Deyir ki, şikayətin saxtalığı bir yana, məhkəmələrin də həmin maddələrdəki alternativ cəzaları yox, ən ağır cəza olan azadlıqdan məhrumetməni tətbiq etməsi bu işdəki sifarişdən xəbər verir.

Ana səhifəSiyasətABŞ Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb edir