close

ABŞ Bakı ilə Yerevanı yenidən bir araya gətirmək istəyir

ABŞ, Ermənistan və Azərbaycan. Mənbə: OnePixelStudio/shutterstock

Vedant Patel: “Danışıqların növbəti raundunu yaxın vaxtlarda planlaşdırmaq üzərində çalışırıq”

“Vaşinqton sərhəddə zorakılığın artması fonunda fikir ayrılıqlarını aradan qaldırmaq üçün Azərbaycanla Ermənistan arasında danışıqların növbəti raundunu yaxın vaxtlarda planlaşdırmaq üzərində çalışır”.

Bunu iyunun 21-də ABŞ Dövlət Departamentinin birinci müavini Vedant Patel “Turan”ın sualını cavablandırarkən deyib.

Patel əminliklə bildirib ki, tərəflər Cənubi Qafqazda dinc gələcəyə can atmağa davam edirlər.

Diplomat birbaşa danışıqları problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açar sayır:

“Əvvəlkitək hesab edirik ki, gərginliyi qızışdıracaq və artıracaq addımlar, şübhəsiz ki, indi səmərəsizdir. Çünki Ermənistanla Azərbaycan arasında danışıqlar müxtəlif meydançalarda aparılır. Odur ki, biz bununla məşğul olmağa davam edəcəyik və tezliklə danışıqların daha bir raundunun keçiriləcəyini səbirsizliklə gözləyirik”.

Vaşinqtonun vasitəçilik səylərini azaltmaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son cəhdlərilə bağlı suala Dedant Patel belə cavab verib:

Vedant Patel. Foto: “Turan”

“ABŞ sülh prosesində mühüm tərəfdaş olub. Əgər Rusiya bunda konstruktiv rol oynaya biləcəyini hesab edirsə, əlbəttə ki, alqışlanır, amma biz bu danışıqların irəlilədiyini, onların davam etdiyini hiss etməyə davam edirik”.

“Dövlət katibi Blinken şəxsən bununla məşğul olub və biz də bu prosesdə dialoqun əvəzlənə bilməyəcəyini düşünməyə davam edirik”, – deyə Patel fikrini yekunlaşdırıb.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətABŞ Bakı ilə Yerevanı yenidən bir araya gətirmək istəyir