close

ABŞ-da siyasi məqsədlərlə həbs olunanları dəstəkləyən yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Foto: Screenshot Youtube

Layihənin monitorda nümayiş etdirilən üz qabığında Qubad İbadoğlunun da fotosu yerləşdirilib

ABŞ Senatına Qubad İbadoğlu da daxil olmaqla siyasi məqsədlərlə həbs olunan təşkilat rəhbərlərini dəstəkləyən yeni qanun layihəsi təqdim olunub. Bu haqda senator Ben Kardin öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Merilənd ştatını təmsil edən senator bu gün dünyada təzyiqə və həbslərə məruz qalmış şəxslərin (ictimai-siyasi fəaliyyət göstərən şəxslər hüquq müdafiəçiləri kimi təqdim olunur-red.) müdafiəsinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

Təqdimat zamanı layihənin monitorda nümayiş etdirilən üz qabığında London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru, iyulun 23-dən Bakıda həbsdə saxlanılan Qubad İbadoğlunun da fotosu yerləşdirilib.

B.Kardinin Senatda layihənin təqdimatına həsr olunmuş çıxışında deyib ki, qanun layihəsi hüquq müdafiəçilərinə hücumların qarşısını almaq və belə hallara vaxtında reaksiya vermək üçün ABŞ hökumətinin imkanlarını genişləndirir:

“Bu sənəd Prezident Adiministrasiyasından hüquq müdafiəçilərinə münasibətdə qlobal strategiyanın hazırlanmasını tələb edir. Sənəd layihəsi risk altında olan hüquq müdafiəçilərinin məhdud kateqoriyasının viza almasına imkan yaradır. Bu, demokratiya və insan hüquqları sahəsində böhran yaşayan ölkələrdə Dövlət Departamentinin insan hüquqları ilə məşğul olan əməkdaşlarının vəzifələrini genişləndirir. Qanun layihəsi diplomatik xidmət əməkdaşlarının hüquq müdafiəsi məsələsində bacarıqlarının artırılmasını da nəzərdə tutur”.

Təqdim olunan qanun layihəsində hüquq müdafiəçilərinin tədqiqat və məlumatlandırma-təbliğat işləri aparmaq və ABŞ-da bu təcrübələri bölüşmək üçün onlara təqaüd imkanlarının genişləndirilməsini də nəzərdə tutur.

Senator çıxışının sonunda hər kəsi həbsdə olan siyasi fəalları müdafiə etməyə çağırıb.

Ana səhifəSiyasətABŞ-da siyasi məqsədlərlə həbs olunanları dəstəkləyən yeni qanun layihəsi müzakirəyə çıxarılıb