“İran qonşularını təhdid edən addımlar atır”
ABŞ Dövlət Departamenti martın 13-də İran hərbi təyyarəsinin Azərbaycan sərhədinə yaxınlaşması və bunun fonunda Bakı ilə Tehran arasında yaranmış son gərginliyə reaksiya verib.
“İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub. O, qonşularını – yaxın və uzaqları təhdid edən addımlar atır”, – Dövlət Departamentinin sözçüsü Ned Prays “Turan”ın müxbirinin sualına cavabında deyib.
“Biz davam edən gərginliyi narahatlıqla izləyirik” , – о qeyd edib.
“Bizim yanaşmamız Cənubi Qafqazda Azərbaycan və Ermənistanla əlaqələri gücləndirməkdir ki, Cənubi Qafqaz regionu daha sabit və münaqişə və gərginliyə daha az əsas olsun”, – Prays bildirib.
İranın hərbi təyyarəsi ötən həftəsonu Azərbaycanla sərhəd boyu 40 dəqiqə, bəzən isə sərhədin üzərində uçub.
Bu addıma etiraz olaraq martın 11-də İranın Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona nota təqdim edilib.
Rəsmi Bakı hadisəni “təxribat xarakterli və qeyri-dost hərəkət” adlandıraraq İrandan izahat tələb edib.