close

ABŞ Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırış edib

Qubad İbadoğlu. Foto: Meydan TV

Bir neçə senator da Azərbaycan hökumətini İbadoğlunu humanitar əsaslarla azad etməyə çağırıb

Sentyabrın 14-də ABŞ Azərbaycan hökumətini növbəti dəfə Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik keçirdiyi brifinqdə Bakıya çağırış edib.

“Daha əvvəl İbadoğlunun həbsindən və saxlanılmasından narahat olduğumuzu demişdim, biz onu dərhal azad etməyə çağırırıq”, – deyə Metyu Miller “Turan”ın suallarına cavabında bildirib.

ABŞ Dövlət Departamenti bir müddət əvvəl də Qubad İbadoğlunun ciddi xəstəliyinin olması fonunda onun səhhətindən dərin narahatlığını ifadə etmiş, Azərbaycanı onun hüquqlarını və əsas azadlıqlarını müdafiə etməyə çağırmışdı. Amerikanın bir neçə senatoru da Azərbaycan hökumətini İbadoğlunu humanitar əsaslarla azad etməyə çağırıb.

Metyu Miller. Foto: “Turan”

Metyu Millerin açıqlaması Senatın Beynəlxalq münasibətlər komitəsində Azərbaycanla bağlı keçirilən dinləmələrdən bir neçə saat sonra yayılıb.

Dinləmələr zamanı iki senator – Ben Kardin və Tim Keyn Qubad İbadoğlunun məsələsini qaldırıblar və Dövlət Departamentinin nümayəndəsindən bu məsələyə münasibət bildirməyi xahiş ediblər.

“Azərbaycanda bir hadisəyə toxunmaq istəyirəm, bu, fəal Qubad İbadoğlunun həbs edilməsidir. Bu işlə tanış olub-olmadığınızı bilmirəm. Lakin ABŞ kənarda dayanıb fəalların çıxışlarına görə həbs edilməsinə imkan verməməlidir, xüsusən, strateji, o cümlədən maliyyə münasibətlərimiz olan ölkələrdə. Biz bu cür əməllər üçün sanksiyaları nəzərdən keçiririk”, – deyə Ben Kardin qeyd edib. O, dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuri Kimdən Dövlət Departamentinin İbadoğlunun işi ilə bağlı mövqeyinə dəqiqlik gətirməyi xahiş edib. 

Bencamin Kardin
Ben Kardin.

Virciniya ştatından senator Tim Keyn də qeyd edib ki, İbadoğlu 2015-ci ildə Milli Demokratiyaya Dəstək Fondunun təqaüdçüsü olub, o, Nyu-Cersi və Virciniyada, son vaxtlar isə Şimali Karolinada yaşayıb və işləyib:

“İbadoğlu Şimali Karolina Universiteti də daxil olmaqla, Amerika universitetləri ilə əməkdaşlıq edib. O, məşhur azərbaycanlı alimdir. Və neft gəlirlərinin çox vaxt korrupsiya və pis idarəçiliyə sərf olunduğunu yazırdı. Bu məqalələr Azərbaycan hökumətinin xoşuna gəlmədiyinə görə alimi və həyat yoldaşını hüquqi əsas olmadan həbs ediliblər”.

“Qubad İbadoğlu çox pis şərtlərdə həbsxanada saxlanılır, səhhətində çoxsaylı problemlər var. Nə etmək olar? İbadoğlunun işi ilə bağlı idarənin Azərbaycan hökuməti ilə əməkdaşlığı haqqında danışa bilərsiniz?“- deyə senator sual verib. Buna cavab olaraq dövlət katibinin köməkçisi Kim bildirib ki, ABŞ bu məsələni qaldırıb və qaldırmağa davam edəcək:

“Senat Azərbaycanda səfir vəzifəsinə bizim namizədimizi təsdiq etsə, sizi inandıra bilərəm ki, bu şəxs onun diqqət mərkəzində olacaq”.

Sentyabrın 14-də Avropa Parlamenti Qubad İbadoğlunun işi ilə bağlı qətnamə qəbul edib.

Avropa Parlamenti bildirir ki, daha öncə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələri nəzərə alaraq iqtisadçı Qubad İbadoğlunun azad edilməsi vacibdir:

“O, iyulun 23-də zorakılıq tətbiq olunaraq qanunsuz şəkildə həbs olunub. Hazırda əsassız ittihamlarla həbsxanada saxlanılır, ailəsi və vəkilləri ilə əlaqə saxlamasına məhdudiyyətlər qoyulub, qeyri-insani rəftara məruz qalıb” .

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Ana səhifəSiyasətABŞ Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırış edib