close

ABŞ Ukraynaya 225 milyon dollar hərbi yardım verəcəyini vəd edib

ABŞ-Ukrayna. Foto: Reuters

Bayden Zelenskidən yardımın gecikməsinə görə üzr istəyib

ABŞ Prezidenti Co Bayden Kiyevi dəstəklədiyini növbəti dəfə açıqlayaraq, Rusiya ilə müharibədə bu ölkəyə daha 225 milyon dollar hərbi yardım verəcəyini vəd edib. Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Co Baydenin görüşü olub. Bayden Rusiyaya döyüş meydanında qazanc əldə etməyə imkan verən ABŞ hərbi yardımının aylarla gecikməsinə görə Ukrayna Prezidenti Volodimir Zelenskidən üzr istəyib.

“Əyilmədin, boyun əymədin, mübarizəni davam etdirirsən. Bu, sadəcə diqqətəlayiqdir. Biz səndən uzaqlaşmayacağıq. Amerika xalqı uzun müddət Ukraynanın yanındadır” – deyə, Co Bayden bildirib.

İyunun 7-də Ukraynanın Rusiyanın nəzarətində olan Luqansk və Xerson vilayətlərinin bəzi hissələrinə endirdiyi zərbələr nəticəsində 26 nəfərin öldüyü açıqlanıb.

Bu barədə Rusiyanın həmin ərazilərə təyin etdiyi səlahiyyətlilər məlumat verib. Ukraynanın şərq bölgəsinin eyni adlı əsas şəhərində yaşayış binasına endirilən raket zərbəsi isə 4 nəfərin ölümünə və 40-dan çox insanın yaralanmasına səbəb olub. Region rəhbəri Leonid Paseçnik bildirib ki, Luqansk şəhəri iyunun 7-də səhər “kütləvi” raket hücumuna məruz qalıb. Moskvanın dəstəklədiyi regionun hökuməti “Telegram”da bildirib ki, yaşayış blokunun bir hissəsi dağılıb və dağıntılar altından 4 nəfərin cəsədi çıxarılıb. Regional səhiyyə naziri Nataliya Paşşenko bildirib ki, ümumilikdə 46 nəfərə tibbi yardım göstərilib.

Zelenski-Bayden. Foto: Reuters

Ukrayna hökuməti isə bu aralar bütün nazirliklərə və regional hakimiyyət orqanlarına kondisionerdən istifadəni dayandırmağı və xarici işıqlandırmanı söndürməyi əmr edib. Səbəb Rusiya bombardmanlarının ölkə boyu uzun işıq kəsilməsinə səbəb olmasıdır.

Ukraynanın Baş naziri Denis Şmıxal deyib ki, hazırda “əhəmiyyətli defisitə” malik olan Ukraynanın enerji sisteminə Rusiyanın zərbələrindən sonra enerji istehlakını azaltmaq və mümkün qədər çox elektrik enerjisinə qənaət etmək həyati vacib məsələdir.

Ukraynada hazırki temperatur 25C (77F) ətrafındadır və iyul-avqust aylarında 35C-yə (95F) qədər yüksələ bilər. Vladimir Putin deyib ki, Rusiyanın Ukraynada qələbəni təmin etmək üçün nüvə silahından istifadə etməsinə ehtiyac yoxdur.

Ekspertlər düşünür ki, bu, Kremlin indiyədək münaqişənin nüvə müharibəsinə çevrilməyəcəyinə dair ən güclü siqnalıdır.

Ana səhifəDünyaABŞ Ukraynaya 225 milyon dollar hərbi yardım verəcəyini vəd edib