close

ABŞ Ukraynaya yeni hərbi yardım paketi göndərir

Ukrayna, Donetsk. Mənbə: Reuters

175 milyon dollarlıq paketə “Abrams” tankları üçün tükənmiş uran mərmiləri də daxildir

Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya 175 milyon dollarlıq yeni hərbi yardım paketi verməyə hazırlaşır.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Növbəti paketə Amerikanın “Abrams” tankları üçün tükənmiş uran mərmiləri də daxildir.

Bildirilir ki, Vaşinqton Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün Kiyevə əlavə yardım edir.

Bu, ABŞ-ın 2021-ci ilin avqustundan bu yana Ukraynaya verilən 46-cı yardım paketidir.

120 mm-lik tükənmiş uran tankı döyüş sursatı ilə yanaşı, yeni yardım paketinə Ukrayna hava hücumundan müdafiə sistemlərini dəstəkləmək üçün avadanlıq, həmçinin HIMARS raket sistemləri üçün əlavə döyüş sursatları və digər silah və avadanlıqlar daxildir.

İlk “Abrams” tanklarının Ukraynaya sentyabrın ortalarında gəlməsi gözlənilir.

Birləşmiş Ştatlar Ukraynanı tükənmiş uran mərmiləri ilə təmin edən ilk ölkə deyil.

Mart ayında İngiltərə Müdafiə Nazirliyi belə mərmiləri “Challenger-2” tankları ilə təchiz edəcəyini açıqlamışdı.

İnternet resurslarındakı məlumatlara görə, tükənmiş uran – nüvə reaktorlarında və ya nüvə silahlarında istifadə üçün uranın zənginləşdirilməsi zamanı qalan sıx əlavə məhsuldur.

Tükənmiş uran yüksək temperatur və təzyiqlərdə öz-özünə alışdığı və zireh örtüyünə nüfuz etdikcə daha kəskinləşdiyi üçün silahlarda istifadə olunur.

ABŞ, İngiltərə, Rusiya, Çin, Fransa və Pakistan nüvə silahı kimi təsnif edilməyən uran silahları istehsal edir.

ABŞ və Britaniya kimi dövlətlər tükənmiş uranın müasir tankı məhv etmək üçün yaxşı vasitə olduğunu bildirir.

Ana səhifəDünyaABŞ Ukraynaya yeni hərbi yardım paketi göndərir