close

Abu-Dabidə saxlanılan azərbaycanlı dənizçilərin sərbəst buraxıldığı bildirilir

Source: arxiv

Onların yaxın günlərdə Azərbaycana gələcəyi deyilir

Altı aydır ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) girov saxlanıldığı bildirilən dörd nəfər azərbaycanlı dənizçi azadlığa buraxılıb.

Bu haqda Meydan TV-yə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov məlumat verib.

Onun sözlərinə görə, kapitanın baş köməkçisi Mazay Qurbanov, matros İlyas Eyvazov, motorçu Elçin Nəcəfov və aşpaz Əbülfəz Həmidov yaxın günlərdə Azərbaycanda olacaqlar.

Dənizçilər 2023-cü il avqustun 20-dən Abu-Dabidə saxlanılırdılar.

Dənizçilərdən birinin nişanlısı İlahə Fətullayeva Meydan TV-yə bildirmişdi ki, həmin şəxslər “ST Shipping Survey Technical Consultancy Co” şirkəti ilə müqavilə bağlayaraq, 2022-ci ilin dekabrından “Gelibolu” gəmisində işləməyə başlayıblar.

Onlar 2023-cü il avqustun əvvəlində Birləşmiş Ərəb Əmirliklərindəki “Mina Saqr” limanında 1200 ton ammonium nitrat olan yükü təhvil verdikdən sonra avqustin 9-da lövbər salaraq, növbəti yükü gözləyiblər. Lakin avqustun 20-də onları limana geri qaytararaq, yükün az olması barədə məlumat veriblər.

Yükü təhvil alan şirkət iddia edib ki, məhsul göstəriləndən azdır.

Dənizçilər polis bölməsinə aparılıblar.

Sonradan Abu-Dabidə saxlanılan dənizçilərdən məlumat əldə etmək mümkün olmayıb.

“ST Shipping Survey Technical Consultancy Co” şirkətinin Əməliyyatlar üzrə meneceri Kaan Akıncı dənizçilərə yardım etməkdən boyun qaçırıb.

İlham Nəsirovun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin və Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) birgə işləri sayəsində dənizçilər azadlığa buraxılıblar.

Ana səhifəSosialAbu-Dabidə saxlanılan azərbaycanlı dənizçilərin sərbəst buraxıldığı bildirilir