Ənvər Ağamalızadənin aksiyada iştirak etməsin deyə saxlanıldığı ehtimal olunur
Oktyabrın 24-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadənin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Onun yaşadığı evdən aparıldığı deyilir.
Bu barədə məlumat yayan ADR sədri Qubad İbadoğlunun sözlərinə görə, oktyabrın 24-də saat 7:30 radələrində Ənvər Ağamalızadənin evinə gələn polis əməkdaşları ona və ailə üzvlərinə heç bir səbəb göstərmədən evindən aparıblar:
“Partiyanın Suraxanı rayon təşkilatının üzvü, qocaman müəllim, ziyalı insan Ənvər Ağamalızadə evindən çıxarkən polislər onun mitinqdə iştirakını əngəlləmək üçün saxlayıb. ADR Partiyası Ənvər müəllimin dərhal azadlığa buraxılmasını tələb edir”.
Partiya sədri onun hazırda harada saxlanıldığı və durumu barədə məlumatlarının olmadığını deyib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN), hələlik, münasibət öyrənmək mümkün olmayıb.
Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə aksiya keçirməyi planlaşdırıb. Təşkilatçıların müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilib. Bununla belə, AXCP aksiyanın keçiriləcəyini bəyan edib.
ADR hesab edir ki, Ənvər Ağamalızadənin sırf mitinqdə iştirakının qarşısını alınmaq üçün evindən aparıblar.
Aksiya ilə bağlı DİN-dən bildirilib ki, şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiyaya cəhdin qarşısı alınacaq və təşkilatçılar məsuliyyət daşıyacaqlar.