close

Agentliyin icraçı direktorunun səs yazısı: “Bizi yoxlasalar, yarım milyon taparlar…”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Mətanət Cəfərova onda digər səslərin də olduğunu, Agentlik isə məsələni araşdırdığını deyir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın səs yazısının yayıldığı bildirilir.

Səs yazısını Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın üzvü, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərova “Facebook” səhifəsində paylaşıb.

İcraçı direktor səs yazısında deyir ki, əgər müvafiq qurumlar istəsələr, agentlikdə yarım milyonluq yeyinti tapa bilərlər.

O, səs yazısında: “Nə qədər nəzarət etsən də, çox qəliz, çox çətin məsələdir. Bu gün gəlib, bizi yoxlasalar, ən azı, bir milyon taparlar. Yəni ən azı, istəsələr, taparlar. Maksimal nə qədər yoxlayırsan, yoxla, QHT ömrü boyu oradan pul “qırıb”. Yəni mümkün deyil, onunla yaşayır”, – deyib.

Səs yazısında deyilənlərlə bağlı Meydan TV Aygün Əliyeva ilə əlaqə saxlamağa çalışıb, lakin o, zənglərə cavab verməyib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yanında Müşahidə Şurasının üzvü Günel Səfərova Meydan TV-yə bildirib ki, məsələ nəzarətə götürüb, səs yazısı ilə əlaqədar araşdırmalara başlanılıb.

“Paylaşılan statusla və oradakı səs yazısı ilə elə elektron platformadan, sosial şəbəkədən tanış olmuşuq. Sözün açığı, Müşahidə Şurasının hələ bir iclası keçirilməyib. Bu faktı araşdırmaqla bağlı tapşırıq verilib, araşdırırıq. Hələ araşdırma getdiyinə görə, konkret olaraq, səs yazısı haqqında mövqe bildirmirik”, – Günel Səfərova deyib.

Baş Prokurorluqdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

2021-ci il aprelin 19-da Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını ləğv edərək yerində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıb.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Üzvlərdən 8-i qeyri-hökumət təşkilatlarının, digər 3-ü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilib.

Qurumun saxlanma xərcləri və fəaliyyətinin dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına qarşılandığı bildirilir.

Aygün Əliyeva 2021-ci il noyabrın 23-də Agentliyinin İcraçı direktoru təyin edilib.

Ana səhifəSosialAgentliyin icraçı direktorunun səs yazısı: “Bizi yoxlasalar, yarım milyon taparlar…”